İDMAN
“Bakı-2017”: Qadın taekvandoçuların yarışının birinci günündə Türkiyə və İran atletləri çempion olublar
Bakı, 16 may, Nihad Budaqov, AZƏRTAC
Mayın 16-da IV İslam Həmrəyliyi Oyunlarının taekvando yarışlarında qadınlar arasında 46 kiloqram çəki dərəcəsində mübarizənin qalibi türkiyəli Rukiye Yıldırım olub. O, finalda indoneziyalı Dhean Fajrini 19:17 hesabı ilə məğlub edərək İslamiadanın taekvando yarışlarının ilk qızıl medalını qazanıb. Bürünc medallara iranlı Fatemeh Madahi və tunisli Fadia Ferhani layiq görülüblər.
İranlı qadın taekvondoçu Nahid Kiyaniçandeh isə 53 kiloqram çəki dərəcəsində qızıl medalı aktivinə yazdırıb. O, finalda Türkiyə təmsilçisi Zeliha Argisi 8:5 hesabı ilə məğlub edib. Bürünc medallara indoneziyalı Marişka Halinda və tunisli Rahma Ali Ben yiyələniblər.
Qaliblərin mükafatlandırılması mərasimində idmançılara medalları Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev təqdim edib.