İDMAN


“Bakı-2017”: Zorxana yarışlarında komanda hərəkətlərinə start verilib

Bakı, 20 may, Nihad Budaqov, AZƏRTAC

Mayın 20-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının zorxana yarışlarında kişilərdə komanda hərəkətlərinə start verilib.

AZƏRTAC xəbər verir ki, “Baku Crystal Hall”da keçirilən yarışlarının ilk günündə 9 ölkə – Azərbaycan, Əfqanıstan, Banqladeş, İran, İraq, Qırğızıstan, Pakistan, Tacikistan və Uqanda milliləri mübarizə aparır.

Zorxana yarışları iki gün ərzində keçiriləcək. Yarış qrup hərəkətləri və fərdi məharətlərdən ibarət olacaq. Mayın 21-də kişilər arasında səngi, milbazi, çərxi-tiz, kəbbadə, milsəngin və çərxi-çəməni üzrə fərdi məharətlərdə qaliblər məlum olacaq.

Zorxana iki söz birləşməsindən ibarət olub: “zor”- güc, “xana”- ev, yəni “güc evi” deməkdir. Yarışlar mürşidin ifa etdiyi ritmik musiqinin sədaları altında keçirilir. Mürşid zərb aləti ilə zorxana ritmlərini ifa edən şəxsə deyilir. O, sərdəm deyilən yerdə oturur. Qapı “sərdəm”ə gedən dar və alçaq keçidə açılır. Sərdəm 1 və ya 1,5 metr hündürlüyündə taxtadan qurulmuş taxtdır.

Zorxana alətləri qədim silahların formasından götürülüb. Səng aləti qalxana, mil əmud, toppuz və qılınca, kəbbadə kamana bənzəyir. Şeno aləti isə üzərində indiki jim hərəkətlərinə oxşar məşqlər etmək üçündür.

Bu idman növü 2013-cü ildən İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.