Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“Bakı-2017”: dünyaya idman dili ilə ötürülən sülh, tolerantlıq və həmrəylik mesajları

Bakı, 24 may, AZƏRTAC

Azərbaycan tolerant ölkədir. Tolerantlıq və multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. Müasir Azərbaycanın tolerantlıq modeli dünyanın diqqətini cəlb edir, bir sıra ölkələrdə bir təlim və elm kimi öyrənilir, universitetlərdə tədris olunur.

Bu, artıq günümüzün qürur, bəlkə də qibtə doğuran reallığıdır. Diqqətçəkən daha bir məqam: bizim tolerantlıq modelimiz daim yeni-yeni çalarlarla zənginləşir. Bir neçə gün əvvəl Bakıda böyük uğurla başa çatan İslam Həmrəyliyi Oyunları tarixə sıradan idman hadisəsi kimi deyil, eyni zamanda, birlik və həmrəyliyin təntənəsi kimi yazıldı. Bakı bu ilıq yaz günlərində İslam dünyasının 3000-dək idmançısına, sözün həqiqi mənasında qucaq açdı, onların doğma evi oldu. Bakı bir daha dünyaya idman dili ilə dövrümüz üçün çox vacib olan bu mesajı ünvanladı: tolerantlıq və multikulturalizmin alternativi yoxdur, bəşəriyyətin nicat yolu birlik və həmrəylikdən keçir.

İdman bayramını tamamlayan və zənginləşdirən məntiqi addım

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə təşkil etməklə, əsl dostluq və həmrəylik mühiti yaratmaqla tarix yazdı. Oyunlar milyonların yaddaşına möhtəşəm idman bayramı kimi yazıldı, Azərbaycanın gücü və qüdrətini, xoş məramını, istənilən beynəlxalq tədbiri yüksək səviyyədə təşkil etmək bacarığını nümayiş etdirdi.

Azərbaycan Prezidenti İlham Əliyev Oyunlar ərəfəsində müdrik və məntiqi addım atdı – 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etdi. Dövlətimizin başçısı İslam Əməkdaşlıq Təşkilatının “OİC Journal” nəşrində dərc olunmuş “İslam həmrəyliyinin gücləndirilməsi zamanın çağırışıdır” sərlövhəli məqaləsində etnik və dini tolerantlığı “irəliyə doğru inamla getməyin ən optimal yolu” adlandıraraq vurğulayır: “Bu gün müsəlman dünyasının əvvəlki dövrlərdə heç zaman olmadığı qədər daha çox birliyə və həmrəyliyə ehtiyacı var. Buna görə də 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması bütün müsəlman aləminə və dünyaya xoşməramlı mesajdır. “İslam Həmrəyliyi İli”nin əsas məqsədləri müsəlman aləmində birliyi möhkəmləndirmək, İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya göstərməkdir. Hesab edirəm ki, bu ilin mayında Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları təkcə idman yarışı olmayacaq, eyni zamanda, bütün İslam dünyasının birlik, həmrəylik günləri olacaqdır”.

Yaşadığımız 10 gün Prezidentin bu fikrində yanılmadığını təsdiqlədi: Oyunlar və “İslam Həmrəyliyi İli” bir-birini üzvi surətdə tamamladı, “Bakı-2017”ni yeni məzmunla zənginləşdirdi.

2015-ci ildə Bakı ilk Avropa Oyunlarına, bundan iki il sonra isə IV İslam Həmrəyliyi Oyunlarına eyni dərəcədə uğurla və inamla ev sahibliyi etdi. Bir tərəfdə islamofobiya ruhuna köklənən, müsəlmanları potensial terrorçu hesab edən Köhnə Dünya və digər tərəfdə terrorizmdən ən çox əziyyət çəkən, qan çanağına çevrilən İslam Dünyası – iki əks qütb. Belə təzadlı və mürəkkəb, qanlı qarşıdurmalar yaşandığı bir vaxtda Bakıda Avropa və İslam Həmrəyliyi Oyunlarının bir-birini əvəzləməsi rəmzi məna daşıyır və möhtərəm Prezidentimizin təbirincə desək, “Azərbaycanın sivilizasiyaların, dinlərin dialoq məkanına, iqtisadi və mədəni körpüyə çevrildiyini göstərir”. Azərbaycan bu nadir mövqeyindən dünyada sülhün, multikulturalizmin, dözümlülüyün bərqərar olması naminə istifadə edir.

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları bu xoş məramın növbəti parlaq təzahürü oldu. “Bakı-2017”nin tarixi əhəmiyyəti daha nə ilə xarakterizə edilə bilər?

“Bakı-2017”: güclü siyasi iradə və yüksək təşkilatçılıq məharəti

Azərbaycan rəhbərliyi istənilən beynəlxalq tədbirin keçirilməsini üzərinə götürmək üçün yetərincə siyasi iradəyə malikdir: istər siyasi-iqtisadi, humanitar forumlar olsun, istərsə də mədəni və idman tədbirləri. Yaxın tariximizdə bunun istənilən qədər sübutu var. Hamıya məlum olan bu faktları sadalayıb vaxt almaq istəməzdim. Yalnız onu deməklə kifayətlənirəm ki, yeni əsrdəki yeni liderimiz İlham Əliyev Azərbaycanı dünyaya öz müstəqil mövqeyi olan ölkə kimi təqdim edə bilib, onu nüfuz sahibinə çevirib. Azərbaycan məlum xarici dairələrin basqılarını dəf edərək möhkəmlənib. Artıq ona inanır və etibar edirlər. Prezident İlham Əliyevin sarsılmaz siyasi iradəsi, qətiyyətli qərarları Azərbaycanın çox mühüm irimiqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etməsini şərtləndirən ilkin və əsas amildir.

Digər tərəfdən, hər belə tədbirin təşkili barədə ən yüksək rəylər eşidirik. Bunun ən yeni sübutu olaraq İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al Nasserin sözlərini misal gətirmək istərdim: “Bakı İslam ölkələrinin atletlərinə bacarıqlarını nümayiş etdirmək, dörd qitədən gəlmiş insanlara birlik və anlaşma ruhunda qarşılıqlı əlaqələri qeyd etmək məqsədilə gözəl şəraiti təmin etdi. Bu əlamətdar İslam Həmrəyliyi Oyunları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə, Birinci vitse-prezident və “Bakı-2017”nin Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevanın və onun Azərbaycan İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsində çalışan heyətinin fəaliyyəti sayəsində qonaqpərvər ev sahibinin səyləri ilə mümkün oldu”.

Yaxud, ümumi rəyə görə, Bakıda keçirilən birinci Avropa Oyunları qitənin idman tarixinə parlaq səhifə kimi yazılıb və Azərbaycan onu Olimpiya Oyunları səviyyəsində təşkil edib. Bakı bu uğurunu İslam Həmrəyliyi Oyunları zamanı da təkrarlayaraq, bir qədər əvvəl qeyd etdiyim kimi, tarix yaza bildi.

İstər Avropa, istərsə də İslam Həmrəyliyi Oyunlarının təşkilati işlərinin mərkəzində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva dayanır. Hər iki mötəbər idman tədbirinin təşkilat komitələrinə sədrlik edən Mehriban xanımın qüvvələri çox qısa müddətdə səfərbər etmək məharətinin nəticəsi olaraq bütün infrastruktur, o cümlədən idman arenaları tam qüsursuz, demək olar, saat mexanizmi kimi işlədi. Hamı Bakıdan zəngin təəssüratla ayrıldı, Azərbaycan dünyanın gözündə bir daha ucaldı.

Yenə ümumi rəyə əsaslanıb deyə bilərik ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın yaxından iştirakı və dəstəyi olmadan bu uğur səhifələrini yazmaq qeyri-mümkün idi. “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsi, birinci Avropa Oyunları, İslamiada kimi mötəbər tədbirlərin təşkilat komitələrinin rəhbərinin məhz qadın olması faktının özü dünyaya ünvanlanmış daha bir siyasi mesajdır, öz “fobiyalarına” uyaraq İslamı “qeyri-bərabərlik dini” və “gender bərabərliyindən uzaq din” kimi təqdim etməyə çalışan nadan qüvvələrə tutarlı cavabdır.

Qərbə bu mesajlar yenə Azərbaycan tərəfindən – təxminən bir əsr bundan əvvəl İslam dünyasında ilk demokratik respublika yaratmış xalq tərəfindən göndərilib. Həmin respublikada qadınlara hətta bu gün bəzən başqalarına demokratiya və insan hüquqları mövzusunda “mühazirələr oxuyan” bir sıra Qərb ölkələrindən də əvvəl bərabər vətəndaş hüquqları verilmişdi. Belə qüvvələrə onu da xatırlatmaq yersiz olmaz ki, Mehriban Əliyeva UNESCO-nun “xoşməramlı səfiri” kimi fəxri rütbə ilə yanaşı, ISESCO-da da analoji rütbə daşıyır. Başa düşənlər bilirlər ki, bunun çox böyük rəmzi mənası var.

Xatırlatmaq yerinə düşər ki, birinci xanım Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu dünya miqyaslı bir çox təşəbbüslərin, layihələrin reallaşdırılmasına, tədbirlərin təşkilinə yaxından dəstək verir. Buna, həmçinin ötən ilin noyabrında Bakıda uğurla keçirilən və geniş əks-səda doğuran Dünya Xəbər Agentliklərinin V Konqresi, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyası misal ola bilər. Məhz Heydər Əliyev Fondunun yaxından köməyi və dəstəyi ilə dünyanın informasiya siyasətini müəyyənləşdirən nüfuzlu media rəhbərlərini və nümayəndələrini Azərbaycanda bir araya gətirmək mümkün oldu. Onlar Bakıdan zəngin təəssüratla ayrıldılar.

Mehriban xanım İslamiadanın açılış mərasimindəki çıxışında bütün dünyaya çox vacib bir mesaj göndərdi: gənc, dinamik inkişaf edən və demokratik dövlət olan Azərbaycan İslam mədəniyyətinin tərkib hissəsi olduğuna və bu xəzinəyə öz töhfəsini verdiyinə görə hədsiz qürur duyur. “Biz İslam tarixi və irsinin bir hissəsi olmaqdan, İslam dəyərlərini bölüşməkdən fərəhlənirik”, - deyən Mehriban xanım vurğulayıb ki, “biz minillikləri əhatə edən mədəniyyətə və güclü İslam ənənələrinə malik qədim diyarıq”.

Deyilənlərə onu da əlavə edə bilərik ki, Azərbaycan nəinki Qərbdə bəzi təbəqələrin iddialı mentorluğuna ehtiyac duymur, hətta o özü elə həmin Avropaya çox şeyi öyrədə bilər. Multikulturalizmin perspektivsiz və hətta uğursuz olması barədə avropalı siyasətçilərin açıq bəyanatları fonunda Azərbaycan hər il Bakı Qlobal Forumu, Bakı Beynəlxalq Humanitar Forumu kimi aktual tədbirlərə inamla ev sahibliyi edir. Bu tədbirlərin başlıca yekunu ondan ibarətdir ki, Azərbaycanda multikulturalizm yaşayır və sivilizasiyalararası dialoqun alternativi yoxdur.

“Bakı-2017”: Oyunlardan əvvəl və sonra

Yadıma birinci Avropa Oyunları ərəfəsində bəzi dairələrin qızışdırdığı antiazərbaycan kampaniyası düşür. Bədxahlarımız Avropa Olimpiya Komitəsini tənqid atəşinə tuturdular: qitə miqyaslı ilk Oyunlar niyə Azərbaycana həvalə olunub? Bakının irimiqyaslı idman tədbirinin öhdəsindən gələ biləcəyinə inanmayan skeptiklər də az deyildi. Deyə bilmərəm, bu fikirdə olanlar sonradan xəcalət çəkdilər, ya yox? Amma bəziləri susdu, bəziləri isə etiraf etməyə məcbur oldu ki, heç bir digər ölkə bu Oyunları Azərbaycan qədər yüksək səviyyədə, belə möhtəşəmliklə təşkil edə bilməzdi.

Prezident İlham Əliyevin, birinci xanım, Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın hələ Oyunlardan əvvəl səsləndirdikləri fikirlər bu idman və həmrəylik bayramının uğuruna böyük inamdan xəbər verirdi: İslam Oyunları, ilk növbədə, İslam həmrəyliyini gücləndirəcək, həm İslam aləminə, həm dünyaya bir daha göstərəcək ki, İslam dini sülh, mərhəmət və qardaşlıq dinidir. Eyni zamanda, dünyaya göstərəcək ki, Azərbaycan böyük imkanlara malik olan ölkədir və ən mötəbər beynəlxalq yarışları keçirməyə qadirdir.

Doğrudan da “Bakı-2017” tarixə həm böyük idman bayramı, həm də dostluğun təntənəsi kimi yazıldı. Bütün müsəlman ölkələri 10 gün ərzində Bakıda öz təmsilçiləri vasitəsilə bir-birinin əlini sıxdılar. Azərbaycan dünyaya nümayiş etdirdi ki, İslam aləmi birdir və bu birlik bizim güc mənbəyimizdir.

Bakı misilsiz və unudulmaz 10 gün yaşadı. Bu 10 gün ərzində İslam dünyasının atletləri idman, dostluq və birliyin möhtəşəm təntənəsi çərçivəsində bir araya gəldilər. Dörd qitə sanki can deyib, can eşitdi.

Azərbaycanın Birinci vitse-prezidenti, Oyunların Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva bağlanış mərasimindəki çıxışında keçirdiyi qürur hisslərini dilə gətirərək deyirdi: “Azərbaycan növbəti tarixi qələbəyə imza atdı. IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi bütün İslam dünyasının Azərbaycana və Azərbaycan xalqına olan hörmət və dəstəyinin təzahürüdür. Əminəm ki, 50-dən çox ölkəni təmsil edən idmançılar və paytaxtımızın qonaqları Azərbaycanla bağlı xoş xatirələri öz qəlblərində qoruyub saxlayacaqlar”.

Azərbaycan: idman ölkəsi və tolerantlıq məkanı

Hələ müstəqilliyimizin ilk illərində ulu öndər Heydər Əliyevin idmana necə böyük önəm verdiyini yaxşı xatırlayıram. Deyirdi ki, idman ölkəni dünyaya tanıtmağın ən təsirli vasitəsidir və bu mənada onun yerini heç nə verə bilməz. O vaxt Azərbaycan idmanı beynəlxalq arenaya hələ yeni-yeni ayaq açdığı illər idi və çox keçmədən Ulu Öndərimizin bu arzusu da çin oldu.

Bir qədər əvvəl vurğuladığımız kimi, Azərbaycan artıq bütün dünyada idman məkanı kimi tanınır. Hansı ölkədə dövlət idmana Azərbaycanda olduğu qədər diqqət ayırır, dəstək göstərir? Çox maraqlandım, çox araşdırdım, amma bunun bənzərini görmədim. Əlbəttə, aparılan siyasət öz real nəticəsini idmançılarımızın nailiyyətlərində göstərir və bu yerdə statistikasız keçinmək mümkün deyil. Ötən il Rio Yay Olimpiya Oyunlarında Azərbaycan 18 medal qazanaraq medalların sayına görə dünyada 14-cü, Avropada 7-ci, müsəlman ölkələri arasında isə 1-ci yeri tutdu. Birinci Avropa Oyunları zamanı komandamız 56 medal qazanaraq ikinci oldu. Nəhayət, IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları xalqımıza yeni qələbə sevinci bəxş edərək, yarışları birinci pillədə başa vurdular. Atletlərimiz hamıdan çox - 162 medal (75 qızıl, 50 gümüş və 37 bürünc) qazandılar.

Bakıya rekord sayda - 54 ölkəni təmsil edən 3 mindən çox idmançı, 2000-dək komanda rəsmisi və texniki nümayəndə gəlmişdi və indiyədək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin və idmançının qatılması heç vaxt müşahidə olunmayıb. Azərbaycan bu 10 gündə onların hamısının doğma evi oldu. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bir sıra yarışları arenalarda izləməsi və qaliblərə medalları şəxsən təqdim etməsi Oyunlara marağı daha da artırdı, onu yeni məzmunla zənginləşdirdi.

Daha bir diqqət çəkən fakt: “Bakı-2017”ni 58 ölkədə 1,3 milyard tamaşaçı izləyib. Yarışları 1000-dək media nümayəndəsi, o cümlədən Oyunların rəsmi media tərəfdaşı olan AZƏRTAC-ın 70-dək əməkdaşı işıqlandırıb.

Bakı bundan əvvəl ilk Avropa Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, 17 yaşadək futbolçular arasında Avropa çempionatı, bədii gimnastika üzrə Dünya Kuboku, Formula-1 kimi mötəbər yarışlara uğurla ev sahibliyi edib. IV İslam Həmrəyliyi Oyunlarının uğuru, idmançılarımızın inanılmaz qələbələri Azərbaycanın idman ölkəsi olduğunun daha bir parlaq nümayişidir.

Azərbaycan Oyunların açılış mərasimində İslam dininin mütərəqqi, elm, mədəniyyət, sülh və mərhəmət dini olduğunu göstərdi. Azərbaycanın tolerantlıq məkanı, xalqımızın multikultural ruhun daşıyıcısı olduğunu bir daha ortaya qoydu. Qədim və zəngin tariximizi, mədəniyyətimizi bütün İslam aləminə, bütün dünyaya nümayiş etdirdi. Bağlanış mərasimində isə dünya Azərbaycanı mütərəqqi, müasir ölkə kimi gördü. Qürur mənbəyimiz olan Vətənimizi dünya miqyasında əvəzolunmaz ölkəyə çevirən məhz bu nadir vəhdətdir.

Prezident İlham Əliyev “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və idman ictimaiyyətinin nümayəndələri ilə görüşündə İslamiadanın tarixi əhəmiyyətini belə səciyyələndirib: “Bu Oyunlar, eyni zamanda, İslam həmrəyliyini gücləndirəcək. Mən Oyunlar ərəfəsində demişdim, bizim əsas məqsədimiz ondan ibarətdir ki, müsəlman ölkələrini təmsil edən idmançılar, qonaqlar Bakıda bir yerdə olsunlar, bir-biri ilə tanış olsunlar, bir-birinin əlini sıxsınlar və dostluq, əməkdaşlıq güclənsin. Belə də oldu. Biz bunu yarışlarda gördük ki, bəzi hallarda siyasi cəhətdən bir-biri ilə o qədər də yaxın münasibətləri olmayan ölkələrin nümayəndələri bir-birini təbrik edir, bir-birinin uğuruna sevinir, bir-birinin əlini sıxırlar”.

Şərəfli estafet davam etməkdədir. Bizi qarşıda Formula-1 Azərbaycan Qran-Pri turniri, qadınlar arasında voleybol üzrə Avropa çempionatı və futbol üzrə Avropa çempionatının oyunları gözləyir.

Bütün bunları Azərbaycanın multikulturalizm modelinin uğur hekayəti adlandırmaq olar.

Bəs bu model UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilə bilərmi?

Mən İslam Həmrəyliyi Oyunları ərəfəsində UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının üzvlərinin iclasında qurumun baş katibi İrina Bokovaya bu sualla müraciət etdim. Xanım baş katibin cavabı belə oldu: “Çox maraqlı məsələdir və bu ideyanın üzərində çox işləmək lazımdır. Azərbaycan dünyanın mədəni müxtəlifliyinin qovuşduğu nadir ölkədir. Azərbaycan müxtəlif mədəniyyətlərin bir araya gəlməsi istiqamətində çox faydalı təşəbbüslərin müəllifidir”. 

Bu təşəbbüslər sırasında “Bakı prosesi” xüsusi qeyd edilməlidir. Məhz iki aparıcı beynəlxalq təşkilatın – Avropa Şurasının və İslam Əməkdaşlıq Təşkilatının arasında fəal dialoq 2008-ci ildə “Bakı prosesi” ilə başlayıb. Həmin il Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin Bakıda keçirilən toplantısına İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin mədəniyyət nazirləri də dəvət edildi. Bir il sonra isə Bakıda Avropa dövlətlərinin mədəniyyət nazirlərinin iştirakı ilə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısı təşkil olundu. Beləliklə, Azərbaycanın təşəbbüskarı olduğu “Bakı prosesi” sivilizasiyalararası dialoq üçün çox faydalı platformaya çevrildi.

Bu təşəbbüsdən qaynaqlanan yeni ideyalar 2015-ci və 2017-ci illərdə reallaşdı. Tam əminliklə demək olar ki, çox yüksək səviyyədə keçirilən ilk Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın multikulturalizm modelinin fəlsəfəsini yeni dəyərlərlə zənginləşdirdi. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi “iki il müddətində eyni şəhərdə Avropa Oyunları ilə yanaşı, İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bizim siyasətimizin və niyyətimizin göstəricisidir. Oyunlar sadəcə idman tədbirləri deyil, bu, insanları birləşdirən hadisədir”. Məhz bu amillərə görə Azərbaycanın multikulturalizm modeli UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilə bilər. Əlbəttə, İrina Bokovanın vurğuladığı kimi, bu ideyanın üzərində çox işləmək lazımdır.

İslam Həmrəyliyi Oyunları fonunda bəzi düşüncələr

Oyunların gedişi, bir-birindən maraqlı yarışlar, qazanılmış medalların sayı, qələbə sevinci, məğlubiyyət acısı, fədakar könüllülər, idman ruhuna sadiq azarkeşlər və əlbəttə, idmançılar üçün əhəmiyyətli olan digər təfərrüatlar barədə çox yazmaq, çox danışmaq olar. Təbii ki, bu detallar biz jurnalistlər üçün də çox vacibdir, çünki biz də doğma Vətənimizin övladları kimi idmançılarımıza ürəkdən azarkeşlik edirik və hər dəfə bayrağımız yüksələndə, dövlət himnimiz səslənəndə qürur hissi keçiririk.

Lakin məqsədim Oyunlara sırf idman, yaxud vətənpərvərlik prizmasından deyil, siyasi nöqteyi-nəzərdən baxmaq, bu fonda bəzi düşüncələrimi bölüşməkdir.

Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi və eyni vaxtda ölkəmizdə eyniadlı Oyunlar keçirilməsi təsadüfi deyildi. İslam həmrəyliyi mövzusu bir gündə, bir ayda, bir ildə yox, qərinələr boyu gündəmdə olub. Nəyə görə məhz İslam həmrəyliyi, nəyə görə məhz idman vasitəsilə və nəyə görə məhz Bakıda?

İlk baxışda sadə görünən bu suallar özündə dünyada cərəyan edən dərin və mürəkkəb prosesləri ehtiva edir. Təəssüf ki, son vaxtlar silahlı münaqişələr, terrorçuluq dünyanı başına götürüb. Sanki dünya iki barışmaz, antaqonist qütbə bölünüb. Azərbaycan bu qütbləri yaxınlaşdırmaq, Qərb-Şərq dialoqu qurmaq üçün platforma rolunu oynayır və zamanın bu çağırışına güclü reaksiya verir. Bakının bir-birinin ardınca həm Avropa, həm də İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi doğrudan da nadir, dünyanın heç bir ölkəsində rast gəlinməyən hadisədir. Azərbaycan islamofobiya, millətlər və dinlər arasında ayrı-seçkilik hallarına kəskin etiraz səsini ucaldır, eyni zamanda, dünyaya sivilizasiyaların dinc yanaşı, qarşılıqlı anlaşma şəraitində yaşamasının heç də xəyal olmadığını göstərir.

Qərbdə “İslam terrorizmi” kimi yanlış mif yaranıb və KİV başda olmaqla, təbliğat maşını bunu hər vasitə ilə körükləyib şişirdir. Nəticəsi nə olur? Bu gün bir çox Qərb siyasətçiləri özləri də etiraf edirlər ki, onların ölkələrində vəziyyət ehtiyatsızlıq üzündən şüşədən buraxılmış cin kimi artıq nəzarətdən çıxıb. Bu ölkələrdə neonasist əhval-ruhiyyə getdikcə güclənir: miqrantlara küçələrdə hücum edilir, hicablı qadınlar təhqirə məruz qalır, müharibələr səbəbindən ata-baba yurdlarını tərk etməyə məcbur olmuş qaçqınların sığınacaqlarına od vurulur.

Dünyada sanki XXI əsrin səlib yürüşləri baş qaldırır. Fərqli dinlərə dözümlülük, başqa xalqların mədəniyyətinə hörmət, ehtiyacı olanlara yardım dini olan İslama bu hücumların arxasında bəzi açıq və gizli niyyətlərin dayandığı artıq heç kəs üçün sirr deyil. Qərbin “Ərəb baharı” adlandırdığı dolayı müdaxilə ərəb ölkələrinə soyuq ruzigardan savayı nə gətirdi? Bu gün İraqda, Suriyada, Liviyada, Yəməndə... qara yellər əsir. Yüz minlərlə dinc insan – uşaq, qadın və qocalar silahlı münaqişələrin, terrorun qurbanı olur. Artıq həmin ölkələrdə terror halları o qədər adiləşib ki, qərb KİV-ləri buna ikinci dərəcəli xəbər kimi yanaşırlar.

İŞİD-i kim yaradıb? Terror qruplaşmalarını kim silahlandırır, kim maliyyələşdirir? Suallar çoxdur.

Dünən Türkiyə qəzetlərinin əksəriyyəti bu manşetlə çıxıb: “ABŞ-dan PYD/PKK-ya 100 tır silah”...

Bumeranq effekti yaranır və bu, qaçılmazdır. Qərb İkinci Dünya müharibəsindən sonra ən böyük mühacir böhranı ilə üzləşib, terror xofu bütün Avropanı lərzəyə salıb. Nyu-York, Madrid, Paris, Brüssel, Berlin, London, Mançester... Növbə kimindir, hansı şəhərin, hansı ölkənindir? Dünyada heç bir ölkə terrordan sığortalanmayıb: nə Skotlend-Yard kimi güclü xəfiyyə şəbəkəsi olan Böyük Britaniya, nə FTB kimi məşhur təhqiqat sisteminə malik ABŞ, nə polisinin sayıqlığı ilə öyünən Fransa, Belçika və digər Avropa ölkələri.

İki gün əvvəl Bakıda uğurla başa çatmış, müsəlman aləmində böyük əks-səda doğurmuş sülh, mədəni müxtəliflik və dözümlülük bayramı - IV İslam Həmrəyliyi Oyunları bu xoşagəlməz proseslər və insan faciələri, bəzi Qərb dairələrinin riyakar siyasəti ilə tam təzad təşkil edir. Təsadüfi deyil ki, bu həmrəylik, dostluq çağırışları dünyaya məhz idman dili ilə və məhz tolerantlıq məkanı olan Azərbaycanın paytaxtından ünvanlanır. Bütün dövrlərdə Olimpiya məşəli yandırılanda müharibələr dayandırılıb. 2017-ci il İslamiadasının rəmzi su oldu. Bu da təsadüfi deyil. Su – həyat və əbədiyyət mənbəyidir.

Azərbaycan bəşəriyyətə tolerantlıq və multikulturalizm brendi təqdim edir və İslamiada bunun daha bir nümunəsi oldu. Narahat dünyamızın digər nicat və qurtuluş yolu varmı?

Aslan Aslanov

AZƏRTAC-ın Baş direktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yüksək Texnologiyalar Parkının istismar proqramı - seminar

Taksi sürücülərinə ödəniş müqabilində şəhadətnamələrin verilməsinə aydınlıq gətirilib

UNEC-də Nobel Sülh mükafatçısı Məhəmməd Yunus adına mərkəzin açılışı olub

İki audiovizual media subyektinə müvafiq lisenziyalar verilib

Nəsimi rayonunda yerləşən banklardan birindən oğurluq edilməsinin qarşısı mühafizə polisi tərəfindən alınıb VİDEO

Malmödə ABBA-nın “Eurovision”da qələbəsinin 50 illiyinə həsr olunmuş sərgi açılacaq

Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində qaçaqmalçılıqla məşğul olan Lənkəran sakini saxlanılıb

Naxçıvanda ağır yol qəzasında 3 nəfər ölüb

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi NATO-nun ölkəmizə diqqətini artırır - RƏY

Londonda Benksinin növbəti monumental boyakarlıq nümunəsi meydana çıxıb

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda uşaqlar üçün Novruz şənliyi təşkil edilib

Məktəblilər Gənclər Kitabxanasının qonağı olublar

® “PAŞA Holding”in “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə bayram sovqatları çatdırılır

“İçərişəhər” Qoruq İdarəsində Novruz bayramı münasibətilə tədbir keçirilib

Dünyada təhlükəsiziyin təmin edilməsində Azərbaycan-NATO əməkdaşlığının rolu ŞƏRH

“Atatürk dövründə İran-Türkiyə münasibətləri” – seminar

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına başlanılır

“Zirə”nin iki futbolçusu yığma komandalara dəvət alıb

AİBNDX: Malların mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsinin fasiləsizliyi bayram günlərində təmin ediləcək

FHN Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq

Bu il Şri-Lankaya 500 mindən çox turist gəlib

Cari ilin iki ayı ərzində Azərbaycanda istehsal edilən elektrik enerjisinin miqdarı açıqlanıb

Fransalı tennisçi oyun zamanı huşunu itirib

Domantas Sabonis NBA əfsanələrinin rekordunu təkrarlayıb

Novruz bayramının ilk günündə paytaxtda yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq

Tramp prezident seçiləcəyi təqdirdə şahzadə Harrini ABŞ-dan qovacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Novruz gəlir, yaz gəlir” – AzMİU kollektivi İlaxır çərşənbədə tonqal ətrafında bir araya gəldi

BDU Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarının Dünya Assosiasiyasına tamhüquqlu üzv seçilib

“Azəriqaz” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

® “Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 104-ə çatdırıb

Media: İsrail və HƏMAS Doha danışıqlarında kompromisə hazırdır

Türkmənistanın Ticarət-Sənaye Palatası Türk Ticarət və Sənaye Palataları Birliyinin tamhüquqlu üzvü olub

Türkiyənin yeni milli müdafiə sistemi ictimaiyyətə təqdim edilib

ADA Universiteti Fondunun sponsorluq layihələri üzrə direktoru: Gender arası əməkdaşlıq inkişafın göstəricisidir - açıqlama

Novruz təamlarından istifadə edərkən diqqət yetirilməli məsələlər

Şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüş keçirilib

Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb

Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub

Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni veb-saytı istifadəyə verilib

İrqçilik etdiyi üçün millinin heyətindən kənarlaşdırılıb

Bir sıra ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Blinken Qəzzada atəşkəsi müzakirə etmək üçün Ər-Riyada və Qahirəyə gedəcək

® “Azersun Holding” 10 mindən çox ailəni Novruz sovqatı ilə sevindirib

Azərbaycan poeziyası İspaniyada

Pomidor istehsalçıları ilə görüş keçirilib

Uzun illər itmiş sayılan nadir dəniz qabığı kolleksiyası indi İngiltərədə nümayiş etdirilir

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

“SpaceX” qlobal internet şəbəkəsinə aid daha 22 peyki orbitə çıxarıb

Son iki ayda sosial sahə üzrə 78 mindən çox e-arayış verilib

Fransa Mərakeşə 146 milyon dollar kredit verir

Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirib

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı keçirilib

Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb

Fransuaza Jilonun rəssamlıq irsi Pikasso Muzeyində

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kəngərli rayonunun yaradılmasının 20 illiyinə həsr olunan virtual sərgi təqdim edilib

Bakının abad məhəllələrində Novruz şənlikləri davam edir

Hərbi Prokurorluq işçiləri Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birgə Novruz bayramı ərəfəsində hərbi hissələrdə olublar

® Monteneqronun sabiq prezidenti Milo Cukanoviç “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Aİ Şurası Ukraynaya yeni yardım fondunu təsdiqləyib

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlıq rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb VİDEO

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub