İDMAN
“Bakı-2017”də 12 min 500-ə yaxın könüllü iştirak edəcək
Bakı, 18 fevral, AZƏRTAC
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına təxminən 4 minə yaxın idmançının gələcəyi gözlənilir. Ancaq elə ölkələr var ki, iştiraklarını təsdiqləsələr də, idmançıların sayını müəyyənləşdirməyiblər. Ona görə, bu rəqəmi dəqiq demək hələ tezdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri fevralın 18-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov jurnalistlərə müsahibəsində deyib.
E.Səfərov bildirib ki, “Bakı-2017”nin açılış və bağlanış mərasimlərində iştirak üçün 12 min 500-ə yaxın könüllü qeydiyyatdan keçib. Onlar martın 6-dan məşqlərə başlayacaqlar. Oyunların əməliyyat könüllülərinin sayı isə 8 min nəfər olacaq. “Bakı-2015” ilk Avropa Oyunlarına beynəlxalq könüllülər dəvət olunmuşdu və yaxud onlar öz hesablarına gəlmişdilər. “Bakı-2017”də isə idman təcrübəsi olan və könüllü kimi fəaliyyət göstərmək istəyən əcnəbi vətəndaşlar bizə müraciət edib akkreditasiyadan keçməlidirlər.