İDMAN
“Bakı-2017”nin ağır atletika yarışlarının üçüncü günündə Azərbaycan millisi 2 medal qazanıb
Bakı, 15 may, AZƏRTAC
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının ağır atletika yarışlarının üçüncü günündə - mayın 15-də Azərbaycan millisi 2 medal qazanıb.
AZƏRTAC xəbər verir ki, qadınların yarışında 69 kiloqram çəki dərəcəsində çıxış edən Anastasiya İbrahimli birdən qaldırma hərəkətində 100 kiloqramı ram edib. Atletimiz təkanla qaldırmada isə 119 kiloqramı başı üzərinə qaldırıb. Toplam 219 kiloqram (100+119 kq) nəticə göstərən A.İbrahimli qızıl medala sahib olub. O, İslam Həmrəyliyi Oyunları tarixində bu çəki dərəcəsində birdən qaldırma üzrə bir, təkanla qaldırmada iki, toplamda isə iki olmaqla, ümumilikdə 5 rekord yeniləyib. Bu çəki dərəcəsində gümüş medala türkmənistanlı Gülnabat Kadırova (99+115 kq), bürünc medala isə özbəkistanlı Manzuraxon Mamasaliyeva (91+115 kq) sahib olublar.
Oyunlarda qadınlar arasında 63 kiloqram çəki dərəcəsində mübarizə aparan Elnarə Abbasova birdən qaldırma hərəkətində 82, təkanla qaldırmada isə 102 kiloqramı başı üzərinə qaldırıb. Toplam 184 kiloqram (82+102) nəticə göstərən atletimiz bürünc medala sahib olub. Bu çəki dərəcəsində qızıl medalı türkmənistanlı Polina Quriyeva qazanıb. O, birdən qaldırmada 88, təkanla qaldırmada isə 105 kiloqram nəticə göstərib. Ümumilikdə 193 kiloqramı ram edən atlet rəqiblərinə qalib gələrək birinci yeri tutub. Gümüş medalı özbəkistanlı Kumuşkon Fayzullayeva (86+100 kq) əldə edib.
Qadınlar arasında 75 kiloqram çəki dərəcəsində qızıl medalı misirli idmançı Ravia Abdelxalek qazanıb. O, birdən qaldırmada 97, təkanla qaldırmada isə 119 kiloqram nəticə göstərib. Ümumilikdə 216 kiloqramı ram edən atletin nəticələri rəqibləri üçün əlçatmaz olub. Gümüş medalı türkiyəli Rabia Kaya (96+116 kq), bürünc mükafatı isə özbəkistanlı Omadoy Otakuziyeva (93+115) qazanıblar.
Günün sonuncu mübarizəsində 69 kiloqram çəki dərəcəsində kişi atletlər körpücük üzərinə çıxıblar. Türkiyəli atlet Daniyar İsmayılov qızıl medal qazanıb. O, birdən qaldırmada 151, təkanla qaldırmada isə 172 kiloqram nəticə göstərib. Ümumilikdə 323 kiloqramı ram edən idmançı bütün rəqiblərini üstələyib. İranlı Mocid Əsgəri gümüş (139+177kq), özbəkistanlı Dosten Yokubov (137+177kq) isə bürünc mükafata yiyələniblər.
Qaliblərə medalları Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev təqdim edib.
Mayın 16-da kişilərin yarışında 77, 85 və 94 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək.
Ağır atletika yarışlarına mayın 17-də yekun vurulacaq.