İDMAN


“Bakı-2017”nin güləş yarışlarının ilk günündə pəhləvanlarımız dörd medal qazanıblar

Bakı, 17 may, S.Allahverdiyeva, H.Mahmudova, AZƏRTAC

Mayın 17-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının güləş yarışlarına start verilib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev adına İdman Arenasında keçirilən yarışların ilk günündə yunan-Roma güləşi üzrə 59, 71, 80 və 98 kiloqram çəki dərəcələrində mübarizə aparan pəhləvanlar xalça üzərinə çıxıblar. Güləşçilərimiz yarışın birinci gününü 4 medalla başa vurublar.

Turnirdə 98 kiloqram çəki dərəcəsində çıxış edən Orxan Nuriyev pakistanlı Tayab Raza və özbəkistanlı Rustam Assakalova qalib gələrək finala yüksəlib. Qızıl medal uğrunda görüşdə O.Nuriyev qırğızıstanlı rəqibi Uzur Juzupbekova qalib gələrək “Bakı-2017”nin qızıl medalına sahib olub.

Digər güləşçimiz Rafiq Hüseynov (80 kq) mübarizəyə dörddəbir final mərhələsindən qoşulub. Əvvəlcə qırğızıstanlı Atabek Azisbekovdan üstün olan güləşçimiz Əlcəzair təmsilçisi Baçir Sid Azaranı məğlub edərək həlledici mərhələyə adlayıb. Çempion adı uğrunda görüşdə güləşçimiz iranlı Yousif Qaderiana məğlub olaraq gümüş medalla kifayətlənib.

Oyunlarda 59 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz Murad Məmmədov turnirə qələbə ilə başlayıb. İranlı Məhəmməd Nurbaxışa qalib gələn pəhləvanımız növbəti görüşündə Qırğızıstan təmsilçisi Kanibek Jolçubekova uduzub. Üçüncü yer uğrunda görüşdə iordaniyalı Mostafa Alqadedən üstün olan M.Məmmədov yarışı bürünc medalla başa vurub.

Rəsul Çunayev (71 kq) də “Bakı-2017”də bürünc medalla kifayətlənməli olub. Əlcəzairli Akrem Boudjemlineni 64 saniyə ərzində məğlub edən R.Çunayev yarımfinalda İran güləşçisi Mohammadali Qareiyə uduzub. Bürünc medal uğrunda görüşdə güləşçimiz türkiyəli İlker Sönmezdən üstün olub.

“Bakı-2017”nin güləş yarışlarının ikinci günündə - mayın 18-də 66, 75, 85 və 130 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri xalça üzərinə çıxacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.