İDMAN
“Bakı-2017”nin təbliğinə həsr olunan kütləvi idman tədbirləri davam edir
Bakı, 20 aprel, AZƏRTAC
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri davam edir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Masallı Olimpiya İdman Kompleksində sərbəst güləş, Balakən Olimpiya İdman Kompleksində Yunan-Roma güləşi, Şirvan Olimpiya İdman Kompleksində atletika, Xaçmaz Olimpiya İdman Kompleksində karate, Sumqayıt Olimpiya İdman Kompleksində boks, Hövsan Olimpiya İdman Kompleksində taekvando, Şəmkir Olimpiya İdman Kompleksində stolüstü tennis idman növləri üzrə zona yarışları keçirilib.
Doqquz yüz nəfərdən çox məktəbli idmançının qatıldığı yarışlarda sərbəst güləş idman növü üzrə I yerə Cəlilabad, II yerə Masallı, III yerə Lənkəran, Yunan-Roma güləşi idman növü üzrə I yerə Balakən, II yerə Göyçay, III yerə Ağdaş, atletika idman növü üzrə I yerə Beyləqan, II yerə Füzuli, III yerə Hacıqabul, karate idman növü üzrə I yerə Sumqayıt, II yerə Xaçmaz, III yerə Xızı, boks idman növü üzrə I yerə Sumqayıt, II yerə Şabran, III yerə Abşeron, stolüstü tennis idman növü üzrə I yerə Gəncə, II yerə Şəmkir, III yerə Samux, taekvando idman növü üzrə I yerə Bakının Nəsimi, II yerə Binəqədi, III yerə Nərimanov rayon və şəhərlərinin komandaları layiq görülüblər.
Qaliblər diplom və medallarla təltif ediliblər.
Kütləvi idman tədbirlərinin keçirilməsində məqsəd IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliği, onların idmana marağının artırılmasından ibarətdir.
Yarışlar ölkənin 76 şəhər və rayonu əhatə olunmaqla 6 zona və 11 idman növü - sərbəst güləş, Yunan-Roma güləşi, cüdo, taekvando, karate, boks, atletika, stolüstü tennis, basketbol, akrobatika gimnastikası, bədii gimnastika üzrə keçirilir.
Kütləvi idman tədbirlərinə 6 mindən çox şagirdin qatılması gözlənilir.
Yarışlar aprelin 26-da başa çatacaq.