İDMAN
“Bakı-2017”nin tennis yarışları davam edir
Bakı, 13 may, Elvin Camalov, AZƏRTAC
IV İslam Həmrəyliyi Oyunlarında tennis yarışları davam edir.
AZƏRTAC xəbər verir ki, kişi tennisçilərin komanda yarışında “A” qrupunda Türkiyə və Türkmənistan komandaları üz-üzə gəliblər.
Fərdi yarışlarda türkiyəli tennisçilər Altuğ Çelikbilek və Anıl Yüksək müvafiq olaraq türkmənistanlı idmançılar Georgi Poçay və Atlumurat Qurbanova 2:0 hesabı ilə qalib gəliblər. Cütlüklərin mübarizəsində isə İlhan Sarp Ağabigün-Muhammet Haylaz (Türkiyə) dueti türkmənistanlı cütlük Georgi Poçay-Yuri Roqquskiyi 2:0 hesabı ilə məğlub edib.
Beləliklə, görüş Türkiyə millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
“B” qrupunda isə Pakistan tennisçiləri İordaniya komandasından üstün olublar. Fərdi yarışlarda pakistanlı Aqil Xan rəqibi Seif Adasa qalib gəlib – 2:0. Digər görüş də Pakistan təmsilçisi Muhammad Abidin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Cütlüklərin yarışında da sevinən tərəf pakistanlı tennisçilər olub. A.Xan-M.Abid dueti Musa Alkatop-Hamza Əl-Əsvad cütünə 2:0 hesabı ilə qalib gəlib.
Pakistan millisi İordaniya yığmasını 3:0 hesabı ilə məğlub edib.
Qadınların komanda yarışının “A” qrupunda növbəti görüş Pakistan və Türkiyə komandaları arasında oynanılıb.
Fərdi yarışlarda türkiyəli tennisçilər hər iki görüşdə 2:0 hesabı ilə üstün olublar. Belə ki, Başak Eraydın Uşna Suhailə, Ayla Aksu isə Sara Mansura qalib gəliblər. Cütlüklərin yarışında türkiyəli Melis Sezer-Berfu Çengiz rəqibi U.Suhail-S.Mansur duetini 2:0 hesabı ilə məğlub edib.
Beləliklə, Türkiyə millisi görüşdən 3:0 hesablı qələbə ilə ayrılıb.