İDMAN


“Bakı-2017”nin uşu yarışlarının finalında Azərbaycanın üç idmançısı mübarizə aparacaq

Bakı, 21 may, AZƏRTAC

Mayın 21-də Bakı İdman Sarayında IV İslam Həmrəyliyi Oyunlarının uşu yarışlarının ikinci gününün qarşılaşmaları keçirilib. Uşu-sanda döyüş növü üzrə keçirilən yarışların növbəti günündə kişilər arasında 48, 52, 56, 60, 65, 70 və 75 kiloqram çəki dərəcələrində idmançılar yarımfinalda mübarizə aparıblar.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın yığma komandasının yarımfinala vəsiqə qazanan altı idmançısının hamısı qarşılaşmalarda iştirak edib.

Yarımfinalda 56 kiloqram çəki dərəcəsində yarışan III İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı Elçin Eminov yarımfinal döyüşündə qələbə qazanıb. Qarşılaşmada İndoneziya idmançısı Yusuf Vidiyanto ilə üz-üzə gələn təmsilçimiz rəqibi üzərində 2:0 hesablı təmiz qələbə qazanaraq İslamiadanın finalına adlayıb. Beləliklə, Elçin Eminov uşu yarışlarında Azərbaycanın ilk medalını təmin edib.

Azərbaycanın daha bir idmançısı 65 kiloqram çəki dərəcəsində mübarizə aparan Yeniyetmələrin Yay Olimpiya Oyunlarının gümüş medalçısı Bayram Şəmmədov da "Bakı-2017"də uşu yarışlarının finalına vəsiqə əldə edib. Yarımfinal görüşündə türkiyəli Ali Ayla ilə gücünü sınayan idmançımız rəqibinə 2:0 hesabı ilə qalib gələrək adını finala yazdırıb. B.Şəmmədov uşu yarışlarında Azərbaycanın ikinci gümüş medalını təmin edib.

"Bakı-2017"də ölkəmizi təmsil edən beynəlxalq turnirlərin qalibi Vüqar Kərəmov (70 kq) yarımfinalda indoneziyalı Puja Riyaya ilə döyüşüb. Görüşdə 2:0 hesabı ilə üstün olaraq rəqibini mübarizədən kənarlaşdıran təmsilçimiz İslamiadanın həlledici mərhələsində yarışmaq hüququ əldə edib. Bununla da V.Kərəmov yarışlarda Azərbaycanın üçüncü gümüş medalını qarantiləyib.

Yarışda 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Avropa çempionumuz Orxan Hətəmov qırğızıstanlı Turatbek Ulu Sulaymankul ilə İslamiadanın finalına vəsiqə uğrunda döyüşüb. Gərgin idman mübarizəsində keçən görüş Qırğızıstan təmsilçisinin 2:1 hesablı qalibiyyəti ilə başa çatıb.

Ruslan Pirəliyev (60 kq) də həlledici mərhələyə vəsiqə qazana bilməyib. Altmış kiloqram çəki dərəcəsində yarışan R.Pirəliyev iranlı Erfan Ahangarian ilə görüşdə 0:2 hesabı ilə məğlub olub.

Pərviz Abdullayev (75 kq) də final mərhələsinə vəsiqə əldə etməyib. Yarımfinal mərhələsində güclü İran təmsilçisi Yazdan Mirzayi ilə döyüşən beynəlxalq turnirlərin qalibi olan idmançımız rəqibinə 0:2 hesabı ilə məğlub olub.

Azərbaycan təmsilçilərinin yer almadığı 52 kiloqram çəki dərəcəsində iranlı Moein Sirçi Hacızadə və türkiyəli Sadik Pehlivan yarımfinalda rəqiblərini məğlub edərək növbəti mərhələyə yüksəliblər.

Uşu yarışlarında final döyüşlərinə mayın 22-də saat 11:00-dan etibarən start veriləcək. Yarışlar Bakı İdman Sarayında keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.