İQTİSADİYYAT
Bakı Ağ Şəhər Ofis Binası “BREEAM” sertifikasiyası üzrə yüksək səviyyədə qiymətləndirilib
AZƏRTAC xəbər verir ki, Bakı Ağ Şəhərin girişində, Babək və Nobel prospektlərinin kəsişməsində yerləşən binanın mükəmməl memarlıq üslubu onu ən mötəbər obyektlərdən birinə çevirir.
Binanın hər mərtəbəsinin öz eyvanı var və ən yuxarı beş mərtəbə isə geniş terraslardan ibarətdir. Eyvan və terraslar Xəzər dənizi və şəhərin möhtəşəm mənzərəsinə açılır.
Layihəyə uyğun olaraq Ofis Binasının inşasında ətraf mühit və ekologiya məsələlərinə xüsusi diqqət ayrılıb. Buna görə də binanın tikintisində yüksək davamlılıq standartları nəzərə alınıb. Doqquz ballıq zəlzələyə hesablanmış bina “BRE Global” (müstəqil qiymətləndirmə orqanı) tərəfindən beynəlxalq miqyasda tanınan “BREEAM” sertifikasiyası üzrə yüksək səviyyədə qiymətləndirilib.
Binada yüksək sürətli, səssiz hərəkət edən liftlər, enerjiyə qənaətcil, dördüncü nəsil Daikin VRV kondisioner sistemi, mərkəzləşdirilmiş istilik sistemi quraşdırılıb. Bundan əlavə, bina generatorlar vasitəsilə fasiləsiz enerji ilə təchiz ediləcək.
Layihədə Bakı Ağ Şəhər Ofis Binasının xarici drenaj və kanalizasiya, eləcə də məişət-tullantı sularının toplanması və aradan qaldırılması kimi mühüm məsələlər də öz əksini tapıb.