CƏMİYYƏT
Bakı Ağ Şəhər bulvarı - insanların istirahət etdiyi gözəl məkan
Bakı, 30 may, AZƏRTAC
Bakı Ağ Şəhər bulvarı Ağ Şəhərdən Xəzərə açılan mənzərəni daha da cazibədar edir. Bura artıq paytaxt sakinləri və şəhərin qonaqlarının diqqət mərkəzindədir.
AZƏRTAC xəbər verir ki, yeni bulvarda işlər yüksək səviyyədə həyata keçirilib. Burada ən müasir oturacaqlar, işıq dirəkləri quraşdırılıb. Qeyri-adi görünüşlü dibçəklər yerləşdirilib, minlərlə ağac və bəzək kolu əkilib. Ərazidə insanların istirahəti üçün hər cür şərait yaradılıb. Xüsusən də idman sevərlər vaxtını daha səmərəli keçirmək üçün bura gəlirlər, sahil boyunca qaçışdan sonra onlar müasir idman qurğularından da istifadə edirlər.
Gələcəkdə bulvar ərazisinin daha da artırılması və uzunluğunun 25 kilometrə qədər çatdırılması planlaşdırılır. Belə olan halda Bakı bulvarı dünyanın ən böyük və bənzərsiz bulvarı adını qazanacaq. Dənizkənarı Milli Parkda gün ərzində minlərlə insan gözəl vaxt keçirir.
Köhnə bulvarın ərazisində də bir çox yeniliklər var. İnsanların rahatlığı üçün bulvarda iki qurğu quraşdırılıb. Günəş enerjisi ilə qidalanan bu qurğular vasitəsilə telefon elementlərini enerji ilə günün istənilən saatında pulsuz yükləmək mümkündür.
I Avropa Oyunlarının yarışları bulvar ərazisində üç yerdə - Bakı İdman Sarayında, “Baku Crystal Hall”da və Bakı Su İdmanı Sarayında keçirildiyinə görə, bulvara həmin dövrdə gələcək insanların, xüsusilə də xarici qonaqların sayı daha da artacaq.