İQTİSADİYYAT
“Bakı Ağ Şəhər” layihəsi çərçivəsində Xaqani Rüstəmov küçəsində yenidənqurma işləri davam edir
Bakı, 3 sentyabr, Ramiz Quliyev, AZƏRTAC
“Bakı Ağ Şəhər” layihəsi çərçivəsində “Azəryolservis” ASC tərəfindən Xaqani Rüstəmov küçəsində yenidənqurma işləri davam edir.
Layihə üzrə ümumi uzunluğu 1400 metr olacaq küçənin 1025 metrlik hissəsində qazma-dolma və torpaq işləri görülür.
“Bakı Ağ Şəhər”in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yenidənqurma işləri çərçivəsində hazırda yol yatağının əsası tikilir.
Bakının iki əsas prospektini - Babək və Nobel prospektlərini birləşdirəcək küçə 3 gediş və 3 gəliş olmaqla 6 hərəkət zolağından ibarət olacaq. Xaqani Rüstəmov küçəsinin eni 45 metr, ayrıcı zolağın eni 3 metr, səkinin eninin isə bəzi yerlərdə 4,5 metr olması nəzərdə tutulub.
Hazırda “Bakı Ağ Şəhər” layihəsi çərçivəsində Xaqani Rüstəmov küçəsi ilə Nobel prospektinin və Xaqani Rüstəmov küçəsi ilə Süleyman Vəzirov küçələrinin kəsişmələrində yeraltı piyada keçidlərinin tikintisi işləri də aparılır. İki keçidin hər birinin uzunluğu 280 metr, hündürlüyü isə 3,2 metrdir. Keçidlər 16 eskalatorla təmin olunacaq.