İQTİSADİYYAT


Bakı-Ələt-Qazax avtomobil yolunun daha bir hissəsi yenidən qurulub VİDEO

A+ A

Bakı, 21 sentyabr, AZƏRTAC

Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 196-283.8-ci kilometrlik Kürdəmir-Ucar-Yevlax hissələrinin 2 zolaq əlavə edilməklə I texniki dərəcəyə təkmilləşdirilməsi layihəsinin icrası tam olaraq yekunlaşıb.

Layihə işlərini həyata keçirən “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sözügedən hissənin uzunluğu 87,8 kilometrdir və layihə çərçivəsində 4 ədəd yol qovşağı, 5 ədəd su üzərindən körpünün inşası işləri aparılıb.

Qeyd olunub ki, Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən istər Şərq-Qərb, istərsə də Şimal-Cənub istiqamətində avtonəqliyyat vasitələri ilə beynəlxalq yükdaşımaları dəhlizi üzərində yerləşən avtomobil yollarının müasir səviyyədə yenidən qurulması və bu istiqamətdə aparılan uğurlu islahatlar nəticəsində son illər I texniki dərəcəli yolların uzunluğu 500 kilometrə qədər artıb.

Prezident İlham Əliyev beynəlxalq miqyaslı “Böyük İpək yolu”nun tərkib hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yoluna daha 2 hərəkət zolağı əlavə edilməklə I texniki dərəcəyə təkmilləşdirilməsi layihəsini daim diqqət mərkəzində saxlayır. Çünki həmin avtomobil yolu Şərq-Qərb istiqamətində beynəlxalq avtomobil yükdaşımaları dəhlizinin Azərbaycandan keçən tərkib hissəsi olmaqla, Avropa-Asiya və Yaxın Şərq ölkələri ilə, həmçinin respublika ərazisində bu istiqamətdə əlaqələrinin inkişafında mühüm rol oynayır.

Bundan əlavə, Bakıdan Gürcüstan sərhədinədək 503 kilometr məsafəni əhatə edən magistralın Bakı-Ələt, Ələt-Hacıqabul, Hacıqabul-Kürdəmir, Kürdəmir-Ucar-Yevlax, Yevlax-Gəncə hissələrinin I texniki dərəcəyə təkmilləşdirilməsi işləri də artıq yekunlaşdırılıb.

Nəticədə qısa zaman ərzində tikinti-quraşdırma işləri magistral avtomobil yolunda avtonəqliyyat vasitələrinin fasiləsiz hərəkəti dayandırılmadan yerinə yetirilib, bütün işlər beynəlxalq tikinti və normalarının tələblərinə uyğun keyfiyyətlə aparılaraq sözügedən hissələr istismara hazır vəziyyətə gətirilib.

Yaxın gələcəkdə isə magistralın Gəncə-Qazax-Gürcüstan dövlət sərhədi hissəsinin də yenidən qurulmasına başlanılması planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.