ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbi 10 tələbəsini təcrübə keçmək üçün Türkiyəyə göndərir
Bakı, 1 iyul, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin (BANM) “Kimya mühəndisliyi” ixtisası üzrə üçüncü kursda təhsil alan 10 tələbəsi Türkiyəyə göndərilir.
BANM-dan AZƏRTAC-a bildiriblər ki, tələbələr Türkiyənin İzmir şəhərində “Petkim” şirkətinin müəssisələrində istehsalat təcrübəsi keçəcəklər.
Bununla bağlı keçirilən tədbirdə çıxış edən BANM-in rektoru Elmar Qasımov bu ali məktəbin tələbələri üçün belə imkanların hər il yaradılacağını bildirib.
BANM-in dünyanın bir sıra neft-qaz şirkətləri ilə geniş əlaqələr qurduğunu diqqətə çatdıran E.Qasımov tələbələrin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müəssisələrində də təcrübəyə cəlb edildiklərini vurğulayıb, bu ali məktəbin “SOCAR Turkey Energy” və “Petkim” şirkətləri ilə əməkdaşlığından söz açıb.
Bildirilib ki, tələbələr təcrübəyə iki qrupda göndəriləcəklər. Birinci qrup iyulun 1-dən 24-dək, ikinci qrup isə iyulun 26-dan avqustun 14-dək təcrübədə olacaq. Tələbələr tikintisi davam edən nəhəng obyektdəki tikinti-quraşdırma və tamamlama işləri, həmçinin hazırda fəaliyyət göstərən müxtəlif təyinatlı texnoloji qurğuların işi ilə yaxından tanış olacaqlar. Onlar texnoloji proses və reqlamentləri, qurğuların nəzarət və idarəetmə sistemlərinin işini, istehsalat proseslərində sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi tədbirlərinin tətbiqi üsullarını öyrənəcəklər. Tikintisi davam edən və bir sıra istehsal sahələri istismarda olan bu müəssisədə keçdikləri istehsalat təcrübəsi tələbələrin ilboyu auditoriyalarda əldə etdikləri nəzəri bilikləri təcrübə ilə vəhdətdə daha dərindən mənimsəmələrinə kömək edəcək.
BANM-in rektoru Elmar Qasımovun “SOCAR Turkey Energy” şirkətinin baş icraçı direktoru və “Petkim” şirkətinin İdarəetmə Şurasının üzvü Kənan Yavuz ilə görüşündə əldə olunan razılaşmaya əsasən, tələbələr “Petkim” şirkətinin əməkdaşlıq etdiyi digər kimya profilli müəssisələrdə də təcrübə keçə biləcəklər.