ELM VƏ TƏHSİL


Bakı Ali Neft Məktəbi “ATKINS” şirkəti ilə əməkdaşlıq edəcək

Bakı, 21 aprel, AZƏRTAC

Bakı Ali Neft Məktəbində (BANM) bu ali təhsil ocağının rəhbərliyi, Böyük Britaniyanın “ATKINS” şirkətinin və Birləşmiş Krallığının Azərbaycandakı səfirliyinin nümayəndələri arasında görüş keçirilib.

BANM-dən AZƏRTAC bildiriblər ki, tədbirdə bu ali məktəbin rektoru Elmar Qasımov, “ATKINS” şirkətinin Azərbaycan filialının baş direktoru Ceyms Todd və səfirliyin enerji, ticarət və investisiya şöbəsinin rəhbəri Stivin Smit iştirak ediblər.

Rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında ətraflı məlumat verən E.Qasımov diqqətə çatdırıb ki, BANM-in yaradılmasının əsas məqsədi inkişaf edən ölkəmiz, eyni zamanda, istər Azərbaycanda, istərsə də xaricdə fəaliyyətini genişləndirən və artıq transmilli şirkətə çevrilən SOCAR üçün beynəlxalq standartlara cavab verən ingilisdilli kadrların hazırlanması olub. Bu istiqamətdə BANM Azərbaycanda fəaliyyət göstərən əksər şirkətlərlə sıx əməkdaşlıq edir.

“ATKINS Global”ın fəaliyyətinin çox geniş spektri əhatə etdiyini deyən C.Todd bildirib ki, şirkət neft və qaz, bərpaolunan enerji, memarlıq, şəhərsalma və s. sənaye sahələri üçün mühəndislik, layihələndirmə, dənizdə və quruda struktur, geotexniki qiymətləndirmələr və konsaltinq xidmətləri həyata keçirir. Hazırda Azərbaycanda BP şirkəti ilə regional müqavilə əsasında fəaliyyət göstərən “ATKINS” milliləşdirmə siyasətinə dəstək göstərən şirkətlər arasında yer alır. Belə ki, şirkət BANM-in tələbələrinin təcrübə baxımından inkişafına və gələcək məzunların karyera imkanları ilə təmin olunmasına töhfə vermək niyyətindədir. Bu dəstək tərəflərin razılığından asılı olaraq, əməkdaşlıq proqramı, yay məktəbləri, sənaye peşəkarlarının iştirakı ilə qısamüddətli təlimlər və yaxud təqaüdlər şəkilində təklif edilə bilər.

Birləşmiş Krallığın Azərbaycan ilə müxtəlif istiqamətlərdə əməkdaşlığa maraq göstərdiyini deyən S.Smit BANM və Böyük Britaniyanın Heriot-Vatt Universiteti, BP və digər bir sıra şirkətlər arasında mövcud əlaqələrdən məmnunluğunu bildirib. Vurğulanıb ki, bu münasibətlərin daha da genişləndirilməsində səfirlik hərtərəfli olaraq dəstəyini göstərəcək.

Sonda BANM ilə “ATKINS” şirkəti arasında əməkdaşlıq haqqında müqavilənin imzalanması barədə razılıq əldə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.