ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbi İBM şirkəti ilə əməkdaşlıq edəcək
Bakı, 29 may, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov İBM şirkətinin Mərkəzi və Şərqi Avropa ölkələri üzrə baş direktoru Devid La Ros, bu qurumun Azərbaycan üzrə rəhbəri İlya Kravtsov və şirkətin əməkdaşı Bahadur İbrahimov ilə görüşüb.
BANM-dən AZƏRTAC-bildiriblər ki, görüşdə E.Qasımov rəhbərlik etdiyi ali təhsil ocağı barədə ətraflı məlumat verib. Qeyd edilib ki, BANM-də təhsil ingilis dilindədir və bu ali təhsil müəssisəsinə qəbul imtahanında ən yüksək bal toplayan abituriyentlər daxil olurlar. Rektor Bakı Ali Neft Məktəbində tədrisin Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları əsasında həyata keçirildiyini vurğulayıb. O, ali məktəbin məzunlarının gələcəkdə beynəlxalq və yerli neft-qaz şirkətlərində yüksək ixtisaslı mütəxəssis kimi karyera quracaqlarına əminliyini bildirib.
E.Qasımov Bakı Ali Neft Məktəbinin tələbələrinin bp, “Statoil”, “Emerson”, “Total” və digər bu kimi transmilli şirkətlərdə yay istehsalat təcrübəsi keçdiklərini bildirib, həmin şirkətlərin mütəxəssislərinin də BANM-də tədris prosesinə cəlb olunduqlarını söyləyib.
Rektor İBM şirkəti ilə əməkdaşlıq üçün BANM-də hər cür imkanların olduğunu deyib.
Devid La Ros təmsil etdiyi qurum barədə məlumat verib. Qonaq Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq imkanlarının müzakirəsinə hazır olduğunu və əlaqələrin yaradılmasına maraq göstərdiyini qeyd edib.
Sonra qarşılıqlı maraq doğuran məsələlər və ikitərəfli əməkdaşlığın inkişafı istiqamətində müzakirələr aparılıb.