İQTİSADİYYAT
Bakı Ali Neft Məktəbi Latviya universitetləri ilə əməkdaşlıqda maraqlıdır
Bakı, 28 noyabr, AZƏRTAC
Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hardiys Baumanis Bakı Ali Neft Məktəbində (BANM) olub.
Rektor Elmar Qasımov ali məktəbin fəaliyyət strategiyası və istiqamətləri haqqında danışaraq bildirib ki, BANM-in əsas məqsədi Azərbaycanda beynəlxalq standartlara, həmçinin sənayenin müasir tələblərinə cavab verən ingilisdilli yüksək ixtisaslı texniki kadrlar yetişdirməkdir. BANM dünyanın neft-qaz, kimya mühəndisliyi və digər texniki elmlər üzrə ali təhsil verən müəssisələri ilə əlaqələr qurub, Böyük Britaniyanın Heriot-Vatt Universiteti, Norveç, Fransa, həmçinin Avropanın bir sıra universitetləri, o cümlədən müxtəlif beynəlxalq neft-qaz şirkətləri ilə sıx əməkdaşlıq edir.
O, Bakı Ali Neft Məktəbinin tikilməkdə olan müasir kampusunun növbəti təhsil ilində istifadəyə veriləcəyi və bu tələbə şəhərciyinin Qafqaz regionunda ən böyük kampus olacağını bildirib.
Rektor müasir dövrdə dünyada ən çox ehtiyac duyulan mühəndislik ixtisasının vacibliyini vurğulayaraq, bu baxımdan Latviya ali təhsil müəssisələri ilə də əməkdaşlığa marağın olduğunu bildirib.
Səfir Hardiys Baumanis Azərbaycanda hazırda riyaziyyat və fizika sahələri üzrə yüksək ixtisaslı mütəxəssislərin olduğunu qeyd edib, Latviya universitetləri ilə BANM arasında mümkün əməkdaşlıq perspektivlərindən söz açıb.
Görüşdə BANM ilə Latviya universitetləri arasında əlaqələrin qurulması, tələbə mübadiləsi, gələcək əməkdaşlığın inkişafı, qarşılıqlı səfərlərin təşkili istiqamətində fikir mübadiləsi aparıldı.
Görüşdən sonra səfir tikilməkdə olan yeni kampusun maketi ilə tanış olub.