ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbi “Maire Tecnimont S.p.A.” Mühəndislik Şirkətlər Qrupu ilə əməkdaşlıq edəcək
Bakı, 20 oktyabr, AZƏRTAC
Bakı Ali Neft Məktəbində (BANM) və İtaliyanın “Maire Tecnimont S.p.A.” Mühəndislik Şirkətlər Qrupu ilə əməkdaşlıq haqqında razılaşma imzalanıb.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, bu münasibətlə keçirilən tədbirdə rektor Elmar Qasımov rəhbərlik etdiyi qurumla “Maire Tecnimont S.p.A.” Mühəndislik Şirkətlər Qrupu arasında əldə olunan razılaşmanın bu ali təhsil müəssisəsinin yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını təmin etmək üçün maddi-texniki, elmi-metodik və təşkilati tədbirlərin həyata keçirilməsi məqsədi daşıdığını qeyd edib. Bildirilib ki, bu əməkdaşlıq sayəsində BANM-in tələbələri şirkətin təşkil etdiyi təcrübə proqramlarında iştirak imkanı qazanacaqlar. Rektor şirkətin dəstəyi ilə BANM-in kampusunda ixtisaslaşdırılmış tədris laboratoriyasının yaradılmasının da nəzərdə tutulduğunu vurğulayıb.
“Maire Tecnimont S.p.A.” Mühəndislik Şirkətlər Qrupunun birinci vitse-prezidenti Gianni Bardazzi və “Maire Tecnimont Groupe”un podratçısı “Kinetic Technology International” şirkətinin Bakıdakı nümayəndəliyinin rəhbəri Nikolo Heilpern təmsil etdikləri şirkət haqqında geniş təqdimatla çıxış edib, şirkətin müvafiq sahələrdə BANM ilə əməkdaşıq imkanlarından danışıblar.
Sonra tərəflər arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb.
Qeyd edək ki, İtaliyanın “Maire Tecnimont S.p.A” (Mare Teknimont) şirkətlər qrupu mühəndislik, tikinti, texnologiyalar, lisenziyalaşdırma, energetika və karbohidrogenlər sahəsində ixtisaslaşmış aparıcı şirkətlərdəndir. Şirkətlər qrupu Azərbaycanda “Kinetic Technology International” şirkəti vasitəsilə fəaliyyət göstərir. Bu şirkət mühəndislik, təchizat, tikinti xidmətləri göstərir və əsasən karbohidrogenlərin emalı sənayesi üzrə ixtisaslaşıb.