ELM VƏ TƏHSİL


Bakı Ali Neft Məktəbi Rumıniya universiteti ilə əməkdaşlıq edəcək

Bakı, 26 may, AZƏRTAC

Bakıda keçirilən birinci Azərbaycan-Rumıniya Universitetlərinin Forumu çərçivəsində Bakı Ali Neft Məktəbi (BANM) ilə Rumıniyanın Ploeşti Neft və Qaz Universiteti (PGU) arasında əməkdaşlığa dair, eləcə də Erasmus+ mübadilə proqramı çərçivəsində əlaqələrin genişlənməsi haqqında müqavilələr imzalanıb.

Bu barədə AZƏRTAC-a BANM-dən bildirilib. Görüşdə BANM-in rektoru Elmar Qasımov qarşılıqlı maraq doğuran məsələlərdən danışaraq imzalanan müqavilələrin hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa təkan verəcəyini vurğulayıb.

PGU-nun prorektoru, professor Mixail Minesku bildirib ki, Erasmus+ proqramı Avropada universitetlər arasında tələbə və müəllim mübadiləsinin təşkili, təcrübə toplamaq, başqa ölkələrdə təcrübə keçmək və tədris etmək imkanları yaradır. O, vurğulayıb ki, imzalanmış əməkdaşlıq razılaşması çərçivəsində Erasmus+ proqramı ilə BANM-in tələbələri Ploeşti Neft və Qaz Universitetində təhsil ala bilərlər.

M.Minesku, həmçinin qeyd edib ki, 2017-ci ilin oktyabr ayında Ploeşti Universitetində neft-qaz istiqaməti üzrə ali təhsil verilməsinin 50 ili tamam olur. PGU 1948-ci ildə Rumıniyanın sənayeləşmə tələbi və neft-qaz sahəsində ixtisaslı kadr çatışmazlığından irəli gələn ehtiyacları əsasında yaradılıb. İlk illərdə institut olaraq fəaliyyət göstərib. Sonralar isə Ploeşti Neft və Qaz Universiteti adını alıb. Hazırda universitetdə neft-qaz mühəndisliyi, mexanika və elektrik mühəndisliyi, neft texnologiyası və neft-kimya kimi fakültələr fəaliyyət göstərir.

Görüşdə, həmçinin Cluj-Napoca Texniki Universitetinin beynəlxalq əlaqələr üzrə baş məsləhətçisi Sonia Karmen Munteanu da iştirak edib. O, təmsil etdiyi universitetdə bir çox mühəndislik proqramlarının tədris edildiyini və BANM ilə əməkdaşlığa açıq olduqlarını bildirib.

Qeyd edək ki, imzalanmış müqavilələr tələbə mübadiləsi, o cümlədən müvafiq sahələrdə birgə elmi-tədqiqat layihələrinin işlənib hazırlanması, tədris və elmi materialların mübadiləsi, birgə elmi forum və konfransların təşkili, o cümlədən ömürboyu təhsil konsepsiyası çərçivəsində biliklərin yayılması istiqamətində birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.