ELM VƏ TƏHSİL


Bakı Ali Neft Məktəbi beynəlxalq institutları erməni işğalına son qoyulması üçün real tədbirlər görməyə çağırır

Bakı, 10 iyul, AZƏRTAC

Bakı Ali Neft Məktəbinin (BANM) bir qrup professoru nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən BMT, ATƏT-in Minsk qrupuna və Avropa Şurasına Ermənistanın hərbi qüvvələrinin artilleriya zərbələri nəticəsində vəhşicəsinə qətlə yetirilmiş ikiyaşlı Zəhranın həlak olması ilə bağlı müraciət ünvanlayıb.

Müraciətdə deyilir: “Heç bir günahı olmayan insanların: ikiyaşlı körpənin və yaşlı qadının qətli Azərbaycanın mülki əhalisinə qarşı erməni hərbi qüvvələrinin törətdikləri növbəti cinayətdir və bunun üçün məsuliyyət tamamilə Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşür.

Ermənilərin minaatanları və qumbaraatanları “Böyük iyirmiliyin” görüşü ərəfəsində uşaqları hədəfə götürürlər, separatçılar bütün sivil dünyaya meydan oxuyurlar. Azərbaycanın mülki əhalisinə və mülkiyyətinə davamlı və məqsədyönlü hücumlar beynəlxalq humanitar hüququn və insan hüquqlarının ciddi pozulmasıdır. Separatçıların əməlləri, onların arası kəsilməyən təxribatları müxtəlif ölkələrin siyasətçilərinin daim artan narazılığı ilə qarşılanır.

Beynəlxalq institutlar erməni işğalına son qoyulması, işğalçı qüvvələrin Dağlıq Qarabağ daxil olmaqla, Azərbaycanın dünya ictimaiyyəti tərəfindən tanınmış ərazisindən çıxarılması və regionda sülhün bərqərar olunması üçün tədbirlər görməlidirlər. Sivil dünyada sonsuz konfliktlərə yer yoxdur. Biz tələb edirik ki, Ermənistan özünün Azərbaycana qarşı irəli sürdüyü əsassız və qeyri-qanuni ərazi iddiaları naminə bizim ölkənin mülki əhalisinin qurban verilməsinə son qoyulsun.

Günahsız insanların ölümünə, insanlıqdan kənar əməllərə son qoyulmalıdır. Hər insan həyatı qiymətsizdir, hər insan təkraredilməzdir və insanın, özü də körpənin qətli insanlığa qarşı cinayətdir. BMT, ATƏT, Qərb ölkələri, xüsusən dünyanın super ölkələri regionda status-kvonu saxlamağa çalışan aqressiyanı cilovlamalıdırlar. Biz hesab edirik ki, nüfuzlu beynəlxalq təşkilatlar özlərinin Azərbaycanın ərazi bütövlüyünün tanınması və Ermənistanın işğalçı ordusunun bizim torpaqlardan çıxarılması haqqında qərarlarına hörmət etməlidirlər.

Əgər bu baş tutmasa, belə təxribatlar davam edəcək. Bu, Azərbaycanı status-kvonu aradan qaldırmaq üçün hərbi güc tətbiqinə məcbur edəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.