ELM VƏ TƏHSİL


Bakı Ali Neft Məktəbi növbəti ISO beynəlxalq sertifikatına sahib olub

Bakı, 20 iyun, AZƏRTAC

Bakı Ali Neft Məktəbi (BANM) növbəti beynəlxalq standartı olan - ISO 10002 “Müştəri məmnuniyyəti – şikayətlərin idarə edilməsi üzrə rəhbər göstərişlər” sertifikatına sahib olub. Bu sertifikat Türk Standartları İnstitutunun auditorlarının apardığı beynəlxalq standartların tətbiqinə dair qiymətləndirmə tədbirlərinin nəticəsində verilib.

BANM-dən AZƏRTAC-a bildirilib ki, sertifikatların təqdimetmə mərasimində Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, SOCAR-ın Təlim-Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov və Türk Standartları İnstitutunun ölkəmizdəki təmsilçisi Səlim Çələbi iştirak ediblər.

BANM-in rektoru Elmar Qasımov qeyd edib ki, sertifikat keyfiyyətli idarəetmə sisteminin ali məktəbin öz fəaliyyətində tətbiqinin, aparılan işin yüksək səviyyədə təşkilinin göstəricisidir.

“Bu kimi sertifikatlar BANM-in müəllimlərinə, tədqiqatçılarına beynəlxalq layihələrdə iştirak etmək imkanı verəcək”, - deyə E.Qasımov bildirib.

Selim Çələbi BANM-in kollektivini bu nailiyyət münasibətilə təbrik edib. O, BANM-in beynəlxalq standartların tətbiqinə dair uğurlu fəaliyyətini alqışlayıb və təmsil etdiyi qurumla bu ali məktəb arasında olan əməkdaşlığın inkişaf etdiriləcəyinə əminliyini bildirib.

Erkan Özoral BANM-in fəaliyyətinin beynəlxalq sahədə yüksək səviyyədə olmasını vurğulayaraq gələcəkdə bu amilin ali məktəbi dünyanın ən qabaqcıl universitetlərindən birinə çevirəcəyini qeyd edib.

Fuad Süleymanov BANM-də aparılan işləri yüksək qiymətləndirib və görülən işlərin ölkənin beynəlxalq standartlara uyğun yüksək ixtisaslı kadrlara olan tələbatını ödəyəcəyinə əminlik ifadə edib.

Sonda Bakı Ali Neft Məktəbinə beynəlxalq standartlar üzrə uyğunluq sertifikatı təqdim edilib.

Qeyd edək ki, ISO 10002 beynəlxalq standart bütün növ kommersiya və ya qeyri-kommersiya fəaliyyətləri, o cümlədən elektron kommersiya fəaliyyətləri üçün şikayətlərin effektiv və səmərəli şəkildə idarə olunmasının planlaşdırılması və həyata keçirilməsi üzrə göstərişləri müəyyən edir.

Xatırladaq ki, BANM ilk ali təhsil müəssisəsidir ki, 2014-cü ildən ISO-nun üç istiqaməti - ISO 9001 “Keyfiyyət İdarəetmə Sistemi”, ISO 14001 “Ekologiya idarəetmə sistemi”, OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi” üzrə beynəlxalq sertifikatlara sahib olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.