ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbi tələbələrini Yunanıstana göndərir
Bakı, 23 fevral, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin (BANM) proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alan dördüncü kurs tələbələri Rəhim Rəhimli və Məmməd Cəbrayılov bu ilin yaz semestri ərzində Yunanıstanın Pirey Tətbiqi Elmlər Universitetində (PUAS) təhsil alacaqlar. Səfər ərəfəsində BANM-in rektoru Elmar Qasımov həmin tələbələr və onların valideynləri ilə görüşüb.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, tələbələrə müvəffəqiyyətlər arzulayan rektor bu ali məktəbin tələbələrə həm təhsildə, həm həyatda, həm də gələcək karyeralarında yeni uğurlar əldə etməyə hər zaman dəstək olduğunu deyib. Vurğulanıb ki, Azərbaycanın intellektual gəncliyinin məhz BANM-də təhsil almağa üstünlük verməsi çox qürurvericidir. Ali məktəb beynəlxalq əməkdaşlığının genişləndirilməsi məqsədilə bir sıra beynəlxalq layihə və proqramlara qoşulur. Belə ki, “Erasmus +” proqramı çərçivəsində ötən il BANM ilə PUAS arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Gələcəkdə bu əlaqələrin daha da genişləndirilməsi və tələbələrin sayının artırılması nəzərdə tutulur. E.Qasımov deyib: “Əminəm ki, tələbələrimiz Yunanıstanda ölkəmizi ləyaqətlə təmsil edəcəklər”.
R.Rəhimli və M.Cəbrayılov BANM-də tələbələr üçün yaradılan imkanlara və şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Yunanıstanda təhsil alacaq tələbələrin valideynləri böyük sevinc hissi keçirdiklərini və övladları ilə qürur duyduqlarını diqqətə çatdırıblar. Azərbaycanda yüksəkixtisaslı mütəxəssis kadrların yetişdirilməsi üçün BANM-də hər cür şəraitin, tələbələr üçün bütün imkanların yaradıldığını deyən valideynlər bu ali məktəbin rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.