CƏMİYYƏT


Bakı Ali Neft Məktəbində “Açıq qapı” günü keçirilib

A+ A

Bakı, 1 avqust, AZƏRTAC

Bakı Ali Neft Məktəbində (BANM) birinci ixtisas qrupu üzrə qəbul imtahanında 600-dən yüksək bal toplayan abituriyentlər və onların valideynləri ilə görüş olub. BANM-in rektoru Elmar Qasımov gəncləri imtahanda qazandıqları böyük uğura görə təbrik edib.

BANM-dan AZƏRTAC-a bildirilib ki, E.Qasımov rəhbərlik etdiyi ali məktəbin fəaliyyət istiqamətləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Müasir dövrdə dünya əmək bazarında mühəndis kadrlara böyük tələbat olduğunu vurğulayan rektor bu peşəyə yiyələnən abituriyentlərin gələcəkdə dünyanın ən iri neft-qaz şirkətlərində karyera qurmaq imkanı qazanacaqlarına əminliyini bildirib. BANM-də BP, “Statoil”, “Halliburton”, “Emerson”, “IBM” və dünyanın digər nüfuzlu neft-qaz şirkətlərinin tələblərinə uyğun kadr hazırlandığını qeyd edən rektor söyləyib ki, bəzi tələbələrin gələcəkdə şirkətlərə işə dəvət olunmaları artıq BANM-in nüfuzunun və uğurlarının göstəricisidir. Rektor SOCAR rəhbərliyinin diqqət və qayğısı sayəsində bu ali təhsil müəssisəsində tələbələr üçün hər cür şəraitin yaradıldığını qeyd edib. O, zəngin maddi-texniki bazaya malik olan BANM-in dünyanın bir sıra nüfuzlu ali təhsil ocaqları, neft-qaz və ölkədə fəaliyyət göstərən transmilli şirkətlərlə sıx əməkdaşlıq etdiyini bildirib. Bu əməkdaşlıq sayəsində BANM-in tələbələri üçün geniş təhsil və gələcək karyera imkanları yaradıldığını deyib, abituriyentlərə bu ali məktəbin tələbəsi adını qazanmağı arzulayıb.

BANM-in tələbələrlə iş şöbəsinin rəisi Həbibə Sadıqlı bu ali təhsil müəssisəsində tədrisin Böyük Britaniyanın Heriot-Vatt Universitetinin proqramları əsasında həyata keçirildiyini, seçilmiş tələbələrin hər il bir semestr ərzində həmin universitetə təhsil almağa göndərildiklərini bildirib.

Görüşdə iştirak edən tələbələr yüksək keyfiyyətli təhsil, tələbə həyatı və müxtəlif şirkətlərdə keçdikləri istehsalat təcrübəsi haqqında təəssüratlarını və fikirlərini bölüşüblər.

Sonda abituriyentlərin və valideynlərin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.