İQTİSADİYYAT


Bakı Ali Neft Məktəbində “Alternativ gələcəklə əlaqə”  layihəsinə başlanılıb

A+ A

Bakı, 30 sentyabr, AZƏRTAC 

Sentyabrın 30-da Bakı Ali Neft Məktəbində “Alternativ gələcəklə əlaqə” layihəsinə başlanılıb.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, sözügedən layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (AREA) və “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin tərəfdaşlığı və Bakı Ali Neft Məktəbinin (BANM) təşkilati dəstəyi ilə reallaşdırılır.

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən BANM-in prorektoru Ramiz Hümbətov son illər ölkəmizdə alternativ və bərpaolunan enerji mənbələrindən istifadə edilməsi istiqamətində əhəmiyyətli layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.

O, BANM-in Bərpaolunan Enerji Mühəndisliyi üzrə Tədris və Tədqiqat Mərkəzinin fəaliyyətindən söz açaraq gələcəkdə bu ali məktəbdə “Bərpaolunan enerji mühəndisliyi” ixtisası üzrə mühəndis kadrların hazırlanmasının nəzərdə tutulduğunu deyib.

Ramiz Hümbətov həmçinin BANM-də bərpaolunan enerji üzrə hər ay seminarların təşkil olunduğunu vurğulayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanov “Alternativ gələcəklə əlaqə” layihəsinin Bakı Ali Neft Məktəbində həyata keçirilməsindən məmnunluğunu ifadə edərək, layihə iştirakçılarına uğurlar arzulayıb.

Layihənin birinci günündə NASA-da işləyən azərbaycanlı alim Teymur Sadıqov “Robotlaşma”, norveçli təlimçi, “Provitaz” və “İnnovaz” məhdud məsuliyyətli müəssisələrin rəhbəri Knut Erlend “Xalq üçün sərfəli bərpa olunan enerji mənbələri” mövzusunda məruzələrlə çıxış edərək, iştirakçıları alternativ enerji mənbələri ilə bağlı məlumatlandırıblar.

''Alternativ gələcəklə əlaqə'' layihəsinin əsas məqsədi biliyə əsaslanan iqtisadiyyata keçid həllərinin müəyyən olunması, mətbuat vasitəsilə alternativ enerji, nanotexnologiya haqqında ətraflı məlumatı Azərbaycanın vətəndaş cəmiyyətinə çatdırmaq, Azərbaycan gəncliyinin davamlı inkişaf etməsi üçün təcrübə və potensial gələcəyin öyrənilməsi, kütləvi informasiya vasitələrində davamlı olaraq göstərilən istiqamətlərdə məqalələrin, tədqiqat yazılarının dərc olunmasına kömək göstərməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.