ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbində Birləşmiş Krallığa həsr olunan tədbirlər keçiriləcək
Bakı, 2 avqust, AZƏRTAC
Bakı Ali Neft Məktəbi (BANM) və “British Council” təşkilatı əlaqələrini genişləndirmək barədə razılıq əldə edib.
BANM-dan AZƏRTAC-a bildiriblər ki, bu təhsil müəssisəsinin rektoru Elmar Qasımovla “British Council” təşkilatının ölkə üzrə direktoru Elizabet Vayt arasında keçirilən görüşdə geniş müzakirələr aparılıb. E.Qasımov “British Council” təşkilatı ilə səmərəli əməkdaşlığın davam etdiyini, bu qurum tərəfindən keçirilən IELTS imtahanlarında BANM-in tələbələrinin uğurlu nəticələr əldə etdiklərini, builki nəticələrin daha yüksək olduğunu qonağın diqqətinə çatdırıb.
E.Vayt BANM ilə əlaqələrdən məmnunluğunu bildirib, Birləşmiş Krallığın müvafiq qurumları ilə əməkdaşlıq edən ali təhsil müəssisələri sırasında BANM-in xüsusi yer tutduğunu vurğulayıb. O, BANM ilə Heriot-Vatt Universiteti arasında əlaqələrin “British Council” təşkilatı tərəfindən daim diqqət və maraqla izləndiyini, Böyük Britaniyanın müvafiq ali təhsil müəssisələri ilə əlaqələrin yaradılması və inkişafında hərtərəfli dəstəyin göstərilməsinə hazır olduqlarını bildirib.
Görüşdə, həmçinin “British Council” təşkilatının dəstəyi ilə BANM-də Birləşmiş Krallığın tarixi və mədəniyyəti ilə bağlı müxtəlif sosial və mədəni tədbirlərin keçirilməsi barədə razılıq əldə olunub.