CƏMİYYƏT


Bakı Ali Neft Məktəbində “Fitnə” filmi nümayiş olunub

A+ A

Bakı, 18 noyabr, AZƏRTAC

Bakı Ali Neft Məktəbində (BANM) Beynəlxalq Tolerantlıq Gününə həsr olunan tədbirlər çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı bu ali təhsil ocağının kollektivi və tələbələri ilə görüşüb.

BANM-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə əvvəlcə dini radikalizmə qarşı mübarizədən bəhs edən “Fitnə” sənədli filmi nümayiş olunub.

Tədbirdə BANM-in rektoru Elmar Qasımov gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizin, ölkəmizdə mövcud tolerant mühitinin qorunması və təbliği, dini radikalizm meyillərinin qarşısının alınması baxımından bu kimi ekran əsərlərinin böyük əhəmiyyət daşıdığını vurğulayıb. Diqqətə çatdırılıb ki, Azərbaycan müsəlman ölkəsi olmasına baxmayaraq, planetimizin dünyəvi dövlətlərindən biridir. Azərbaycan dövlətini və cəmiyyətini dini radikalizmin təhlükəsindən qorumaq, gənclərin radikal dini cərəyanların təsiri altına düşməmələri üçün tez-tez maarifləndirici tədbirlərin keçirilməsi vacibdir.

Ölkəmizdəki dini icmaların fəaliyyətinə, dövlət-din münasibətlərinə toxunan M.Qurbanlı Azərbaycanda həyata keçirilən tolerantlıq siyasəti barədə məlumat verib, gəncləri radikal dini qrupların təsirindən qorumağın vacibliyini vurğulayıb. Qeyd edilib ki, ölkəmizdə dini radikalizmin yayılmasının qarşısının alınması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Komitə sədri BANM-də tələbələrin müvafiq istiqamətdə maarifləndirilməsini yüksək dəyərləndirib.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, müzakirələr aparılıb.

Qeyd edək ki, cari il Azərbaycanda lentə alınan və dini radikalizmə qarşı mübarizədən bəhs edən “Fitnə” sənədli filmi maarifləndirici səciyyə daşıyır. Bu ekran əsəri milli-mənəvi dəyərlərin qorunması, ölkəmizdə tolerantlığın gücləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.