ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbində “Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi” keçirilib
Bakı, 2 mart, AZƏRTAC
Bakı Ali Neft Məktəbində (BANM) “Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi” keçirilib.
BANM-dan AZƏRTAC-a bildiriblər ki, Təhsil Nazirliyi ilə birgə keçirilən müsabiqənin açılış mərasimində bu ali məktəbin rektoru Elmar Qasımov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin yaranma tarixi, fəaliyyətinin uğurları və perspektivləri barədə ətraflı məlumat verib. E.Qasımov BANM-ın ölkə ictimaiyyəti, digər təhsil müəssisələri, elmi-tədqiqat institutları və yaradıcılıq mərkəzləri ilə daim sıx əməkdaşlıq etdiyini, müsabiqənin Bakı Ali Neft Məktəbində təşkilinin bu əməkdaşlığın parlaq nümunəsi olduğunu vurğulayıb. Rektor müsabiqə iştirakçılarına bu cür tədbirlərdə həmişə fəal olmağı tövsiyə edib, onlara bilik yarışında uğurlar arzulayıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin müavini Hüseyn Əsgərov yeniyetmələrin yaradıcılıq fəaliyyətinə cəlb olunmasının onların təhsildə motivasiyasının artırılmasına xidmət etdiyini, gələcək həyat yolunun seçilməsində vacib amil olduğunu vurğulayıb. Bu istiqamətdə son illər təşkil olunan tədbirlərdən danışan H.Əsgərov təhsil sistemində ardıcıl olaraq həyata keçirilən islahatların perspektivlərini yüksək qiymətləndirib, müsabiqə iştirakçılarına bilik və bacarıqlarının nümayişində uğurlar arzulayıb.
BANM-ın kimya mühəndisliyi ixtisasının tələbələri Nərmin Baxışova, Prezident təqaüdçüsü Pərnaz Səlimova bu ali məktəbin tələbəsi olmaqdan qürur hissi keçirdiklərini, burada keyfiyyətli təhsil almaları üçün yaradılan hərtərəfli şəraitin, məzmunlu və maraqlı tələbə həyatının onların şəxsiyyət və mütəxəssis kimi formalaşmasında böyük rolunu qeyd ediblər.
Daha sonra 10 uşaq yaradıcılıq mərkəzinin, iki yeniyetmə yaradıcılıq mərkəzinin, bir uşaq gənclər yaradıcılıq mərkəzinin, yeddi texniki yaradıcılıq mərkəzinin, bir gənc turistlər və diyarşünaslıq mərkəzinin, iki şagirdlərin ekoloji tərbiyə və təcrübə mərkəzinin, bir ekoloji tərbiyə və təcrübə mərkəzinin, iki məktəbdənkənar tərbiyə işi mərkəzinin hər birində üç nəfər olan 26 komandası arasında müsabiqəyə start verilib. Komandaların üzvləri bir saat ərzində tapşırıqları yerinə yetiriblər. Onların cavabları münsiflər tərəfindən qiymətləndirilib, qalib komandalar müəyyənləşdirilib.
Tədbir çərçivəsində müsabiqə iştirakçıları Bakı Ali Neft Məktəbi ilə tanış olublar.
Yarışmanın yekununda I, II və III yerləri tutan komandaların üzvlərinə Bakı Ali Neft Məktəbinin diplom və mükafatları təqdim edilib.