ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbində İSO standartının tətbiqi genişlənir
Bakı, 8 dekabr, AZƏRTAC
Türk Standartları İnstitutunun (TSİ) auditorları Bakı Ali Neft Məktəbində (BANM) beynəlxalq standartların tətbiqinə dair qiymətləndirmə tədbirləri həyata keçirirlər. Bununla əlaqədar olaraq, TSİ-nin Azərbaycan üzrə təmsilçisi Səlim Çələbinin, institutun baş auditoru Volkan Cağın və SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanovun iştirakı ilə BANM-də görüş keçirilib.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə rektor Elmar Qasımov rəhbərlik etdiyi ali məktəbdə üç modul üzrə İSO beynəlxalq standartının tətbiq olunduğunu, digər modullar üzrə standartların əldə edilməsi istiqamətində səylərin göstərildiyini deyib. Diqqətə çatdırılıb ki, BANM-də İSO-nun tətbiqi bu ali məktəbin inkişafına xidmət edir.
BANM-in Azərbaycanda qabaqcıl ali məktəblərdən biri olduğunu vurğulayan S.Çələbi bu ali təhsil ocağının gələcəkdə digər modullar üzrə də yeni standartları əldə edəcəyinə əminliyini bildirib. Diqqətə çatdırılıb ki, bu sahədə əməkdaşlıq hər iki qurum üçün faydalı olacaq.