ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbində Layihələrin İdarə edilməsi Məktəbi yaradılacaq
Bakı, 17 yanvar, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov BP şirkətinin sosial investisiya üzrə qrup rəhbəri Kənan Şıxlinski və “Twenty Eighty” şirkətinin proqram meneceri Ed Hyuz ilə görüşüb.
BANM-dən AZƏRTAC-a bildirilib ki, görüşdə rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyət istiqamətləri, uğurları və perspektiv planlar barədə danışıb. Ali Neft Məktəbinin BP şirkəti ilə geniş əməkdaşlığından söz açan Elmar Qasımov şirkətlərlə əlaqələrin inkişafında maraqlı olduğunu bildirib.
K.Şıxlinski və Ed Hyuz Ali Neft Məktəbində tələbələr üçün yaradılan şərait və imkanların yüksək səviyyədə olduğunu söyləyiblər.
Görüşdə BANM-də Layihələrin İdarə edilməsi Məktəbinin təsis edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Ümumilikdə yeddi moduldan ibarət olacaq bu məktəbdə müxtəlif sektorlarda çalışan mütəxəssislər üçün layihələrin idarə edilməsi üzrə təlimlərin təşkili və yekunda onlara ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr sertifikatının verilməsi nəzərdə tutulur.