ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbində “Rekviyem” kitabının təqdimatı
Bakı, 22 aprel, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin (BANM) “Sinerji” Elmi Diskussiyalar Klubunda bu ali təhsil ocağının neft-qaz mühəndisliyi kafedrasının professoru, klubun elmi əlaqələndiricisi Fuad Vəliyevin “Rekviyem” kitabının təqdimatı olub.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu ali məktəbin rektoru Elmar Qasımov, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İbrahim Quliyev, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə və başqaları iştirak ediblər.
E.Qasımov milli-mənəvi dəyərlərimizə sahib çıxan, eyni zamanda, mədəniyyətimizin xidmətində layiqincə dayanan bir şəxs kimi F.Vəliyevin qələminin vurğunu olduğunu söyləyib. Rektor F.Vəliyevin fədakar alim kimi çoxşaxəli fəaliyyətindən, yüksək insani keyfiyyətlərindən danışıb, ona daha böyük uğurlar arzulayıb.
Sonra kitabın videotəqdimatı olub.
Digər çıxışçılar F.Vəliyevin kitabının əhəmiyyətini, aktuallığını vurğulayıb, onun müasir dünyanın ən qaynar problemləri haqqında düşüncələrindən danışıblar. Qeyd olunub ki, müəllifin şeirlərindəki xeyir və şər haqqında tarix, onun dərsləri, ətrafda baş verənlərə hər kəsin məsuliyyətliliyi alimin ciddi düşüncələridir. Müəllifin şeirləri vətəndaş mövqeyi ilə yanaşı, onun poetik istedadının məhsuludur.
F.Vəliyevin çoxillik və müxtəlif şaxəli müəllimlik fəaliyyəti, elmi tədqiqat və yaradıcılığı haqqında danışan natiqlər diqqətə çatdırıblar ki, onun həyatı tələbələri üçün olduqca yaxşı nümunədir.
Sonda BANM-in müəllimləri, tələbələr mövzu ilə bağlı müzakirələr aparıb, fikirlərini bölüşüblər.
Qeyd edək ki, BANM-in “Sinerji” Elmi Diskussiyalar Klubunun yaradılmasının əsas məqsədi tələbələri, gənc alim, pedaqoq və mütəxəssisləri dəqiq, humanitar elmlər, mühəndislik üzrə yeni nailiyyətlər, aktual problemlər, perspektivlər barədə məlumatlandırmaqdır. Həmçinin tələbələri elmi-praktik diskussiyalara cəlb etmək, elmi-tədqiqat işinə həvəsləndirmək, onlarda yaradıcılıq vərdişləri, müzakirə aparmaq, çıxış etmək mədəniyyəti formalaşdırmaqdır. Klubda müxtəlif aktual mövzularda aparıcı elm adamlarının, yerli və xarici mütəxəssislərin, idarə və müəssisə rəhbərlərinin məruzələrinin dinlənilməsi, disputların, “dəyirmi masa”ların təşkili, tələbələrin elmi-texniki-humanitar mövzularda çıxışları, onların tədqiqat işlərinin müzakirəsi, informasiya mübadiləsi nəzərdə tutulur. Klubun gələcək diskussiyalarında BANM-in kollektivi ilə yanaşı, maraqlı olan hər kəs iştirak edə bilər.