ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbində “Sənətkarla görüş” keçirilib
Bakı, 18 oktyabr, AZƏRTAC
Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Sənətkarla görüş” layihəsi çərçivəsində Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq Artisti Fuad Poladovun bu ali məktəbin tələbə və müəllimləri ilə yaradıcılıq görüşü keçirilib.
BANM-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Ali Neft Məktəbinin tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov aktyorun həyat və yaradıcılığı barədə tədbir iştirakçılarına məlumat verib. O, hələ 1986-cı ildə Xalq Artisti adına layiq görülən aktyoru Azərbaycan teatr və kinematoqrafiyasının əfsanəsi adlandırıb.
Gənclərin intellektual səviyyəsinin formalaşmasında teatrın və ümumilikdə, incəsənətin böyük rolunu qeyd edən F.Poladov, bu cür görüşlərin onun üçün böyük məsuliyyət və şərəf olduğunu bildirib. Tez-tez gənclər qarşısında çıxış etdiyini söyləyən aktyor bu görüşlərin nəticəsində gənclərin teatr sənətinə daha çox maraq göstərmələrinin onun üçün qürurverici hal olduğunu vurğulayıb.
Aktyor sənətinin incəliklərindən və çətinliklərindən, Azərbaycanda kino və teatrın inkişafından danışan Xalq Artisti teatrda işləməyin onu daha çox cəlb etdiyini bildirib.
Sonda F.Poladov müəllim və tələbələrin suallarını cavablandırıb.