ELM VƏ TƏHSİL


Bakı Ali Neft Məktəbində elmi məlumatın axtarılması xidmətinə dair təlim keçirilib

Bakı, 14 fevral, AZƏRTAC 

Bakı Ali Neft Məktəbində (BANM) “EBSCO Discovery Service (EDS): Tədqiqatların aparılması və təlim prosesində elmi məlumatın axtarılması xidməti” mövzusunda növbəti təlim təşkil edilib.

BANM-dən AZƏRTAC-a bildirilib ki, təlimi “EBSCO Information Service” şirkətinin MDB üzrə regional meneceri İrina Kreysarova və “SaaS Innovation Benelux” şirkətinin almandilli ölkələr və Şərqi Avropa üzrə direktoru Roman Piontek keçiblər.

Tədbirdə BANM-in rektoru Elmar Qasımov bildirib ki, təhsil sistemi həmişə dövrünün texnologiyalarından faydalanmağa çalışıb. Son zamanlar informasiya texnologiyalarının inkişafı və internetin yaranması tədris prosesində özündən qabaqkı texnologiyalardan fərqli olaraq görünməmiş imkanlar açır. Belə ki, yeni kompüter texnologiyaları təkcə fənlərin tədrisi prosesinə yeni keyfiyyətlər gətirmir, həm də tədqiqatların aparılmasında və təlim prosesində elmi məlumatın axtarılmasında əvəzolunmaz rol oynayır.

“EBSCO Information Service” şirkətinin BANM ilə uğurlu əməkdaşlığından söz açan İ.Kreysarova vurğulayıb ki, bu axtarış xidməti dünya üzrə bütün tammətnli müəllif resurslarını birləşdirir. Bildirilib ki, axtarış jurnal, kitab, həmçinin bütün nəşrlər üzrə aparılır. Dünyanın bütün nüfuzlu ali məktəbləri - Harvard Universiteti, Stenford Universiteti, Pensilvaniya Universiteti məhz bu servisdən elmi informasiya axtarışı üçün istifadə edir.

R.Piontek diqqətə çatdırıb ki, EDS axtarış servisinin bazasında 20 mindən çox kontent-provayder, metodik materiallar üçün 50 min jurnal, 6 milyon kitab, 100 milyondan çox qəzet məqaləsi, 400 min konfrans materialı tapmaq olar.

Təlim çərçivəsində EDS bazasında tammətnli elektron resurslarından elmi-tədqiqat və tədris proseslərində istifadə üzrə praktik məşqlər keçirilib.

Qeyd edək ki, BANM-də bu sistem 2015-ci ildən tətbiq olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.