ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbində görüş
Bakı, 24 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidentinin müşaviri, “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsinin Rəhbər Komitəsinin texniki alt qurumunun sədri Yaşar Lətifov Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri ilə görüşüb.
BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbiri açan ali təhsil ocağının rektoru Elmar Qasımov ARDNŞ-in son illər keçdiyi inkişaf yolundan bəhs edib. Rektor şirkətin Azərbaycanda və ölkədən kənarda həyata keçirdiyi irimiqyaslı layihələrdən danışıb, tələbələrin yüksək ixtisaslı kadrlar kimi yetişərək ölkəmizdə neft-qaz sənayesinin inkişafına töhfə verəcəklərinə əminliyini ifadə edib.
“Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsinin Rəhbər Komitəsinin texniki alt qurumunun sədri Yaşar Lətifov layihə barədə təqdimatla çıxış edib. Bildirilib ki, dünya səviyyəsində ən iri neft yataqlarından olan “Azəri-Çıraq-Günəşli” 1994-cü ildə dünyanın 11 iri neft şirkəti ilə bağlanmış “Əsrin müqaviləsi” çərçivəsində işlənir.
Görüşdə layihənin Azərbaycanın siyasi-iqtisadi və sosial həyatındakı önəmindən və rolundan, Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş yeni neft strategiyasının uğurla həyata keçirilməsinə verdiyi töhfələrdən bəhs edilib.
Sonda tələbələrin çoxsaylı sualları cavablandırılıb və ARDNŞ prezidentinin müşavirinə BANM-in “Fəxri qonağı” diplomu təqdim olunub.