ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbində informasiya texnologiyaları mövzusunda seminar
Bakı, 29 mart, AZƏRTAC
Bakı Ali Neft Məktəbində (BANM) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzi və Məlumat Hesablama Mərkəzi tərəfindən “İT karyeranın inkişafı” və “Elektron hökumət həllərindən istifadə” mövzuları üzrə seminar keçirilib.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, seminarda Elektron Hökumət Təlim-Tədris Mərkəzinin direktoru vəzifəsini icra edən Rauf Cabbarov tələbələrə informasiya texnologiyaları sahəsi haqqında ətraflı məlumat verib, onların bu sahə üzrə karyera qurmaq imkanlarını diqqətə çatdırıb. Bildirilib ki, seminarın keçirilməsinin əsas məqsədi informasiya texnologiyaları (İT) sahəsində karyerasını inkişaf etdirmək istəyən gənclərin peşə bacarıqlarına daha dərindən yiyələnmələrinin təmin etməkdir. R.Cabbarov deyib ki, məqsədimiz İT sahəsini əhali arasında tanıtdırmaq, İT karyeranın qurulmasına tələbələrdə həvəs yaratmaqdır.
Məlumat Hesablama Mərkəzinin mütəxəssisi Elvin Cəfərov seminarın əhəmiyyətindən danışaraq bildirdi ki, müasir gənclərin informasiya texnologiyaları sahəsində karyera qurmaları üçün bu cür tədbirlərin keçirilməsi çox vacibdir. Müasir dövrün əsas tələbi elektron resurslardan səmərəli istifadə və elektron hökumətin istifadəçisi olmaqdır.
Daha sonra E.Cəfərov “Elektron hökumət” haqqında ümumi məlumat verərək deyib ki, bu proqram müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycanın ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərinin göstərilməsinə şərait yaradır.
Seminarda suallar cavablandırılıb, müzakirələr aparılıb.