ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbində layihə iştirakçıları mükafatlandırılıblar
Bakı, 12 yanvar, AZƏRTAC
Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilmiş “Kvant fizikası gənc alimlərin təqdimatında” layihəsinin başa çatması ilə əlaqədar tədbir keçirilib.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu ali məktəbin rektoru Elmar Qasımov fondun fəaliyyətini yüksək dəyərləndirib, gənclərə göstərilən dəstəyə görə qurumun rəhbərliyinə minnətdarlığını ifadə edib. Vurğulanıb ki, müxtəlif ideya və təşəbbüslərin reallaşmasında fondun gənclərə kömək göstərməsi dövlətimizin gənclər siyasətinin uğurla həyata keçirilməsinə xidmət edir.
Müvafiq təşəbbüs haqqında ətraflı məlumat verən layihənın rəhbəri, BANM-in tələbələrlə iş şöbəsinin rəisi Həbibə Sadıqlı bildirib ki, layihə gənc peşəkar təlimçi-alimlərin dəstəyi ilə ötən ilin noyabrında başlayıb və beş həftə davam edib. Bütün təlimlər BANM-də təşkil edilib. Layihənin təşkilat komitəsi bu ali məktəbin tələbələrindən ibarət olub.
Sonda fəallıqları ilə fərqlənən layihə iştirakçılarına sertifikat və hədiyyələr təqdim edilib.