ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbində tələbələr üçün təhlükəsizlik təlimi
Bakı, 3 iyul, AZƏRTAC
Bakı Ali Neft Məktəbində (BANM) neft–qaz mühəndisliyi, kimya mühəndisliyi və proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasları üzrə təhsil alan tələbələrin nəzəri biliklərinin möhkəmləndirilməsi üçün məqsədyönlü və məzmunlu istehsalat təcrübəsi proqramının həyata keçirilməsinə başlanıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzində BANM-in birinci kurs tələbələri üçün təhlükəsizlik təlimi keçirilir. Təlimdə BANM-in dörd qrup üzrə 123 tələbəsi iştirak edir. Onlar üçün TTSİ-nin mütəxəssisləri tərəfindən “Stasionar dəniz platformalarının və üzən qazma qurğularının heyətləri üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat” kursu təşkil olunub.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, beynəlxalq standartlara cavab verən mərkəzdə təşkil olunan təlimdə tələbələrə istehsalatda baş verə biləcək qəza və fövqəladə hallar zamanı təhlükəsizlik texnikası qaydaları barədə ətraflı təlimatlar verilir. BANM-də üç ixtisas üzrə təhsil alan tələbələrə dəniz şəraitində iş vaxtı təhlükəsizlik, yanğın təhlükəsizliyi, helikopterlərlə, hidrotexniki qurğuların quraşdırılmasında təhlükəsizlik, qəza hallarında təhlükəsizliyin təmin olunması, qayıqlardan və sallardan istifadə zamanı təhlükəsizlik və ilkin tibbi yardım göstərilməsi haqqında biliklərin verilməsi onların gələcəkdə istehsalatda işləyərkən bütün təhlükəyə hazır olmalarına, dənizdə insan həyatının mühafizəsi üzrə kompleks tədbirlərin görülməsinə, təcrübəli kadr kimi yetişmələrinə zəmin yaradacaq.
BANM və SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi arasında əməkdaşlıq haqqında müqavilə çərçivəsində həyata keçirilən təlimlər beynəlxalq standartlara uyğun və Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyaların tələbləri çərçivəsində keçirilir.
Təlimlərin yekununda BANM-in tələbələrinə Beynəlxalq Dəniz Təşkilatının sertifikatları təqdim ediləcək. Dəniz şəraitində təhlükəsizlik qaydalarını mənimsəmiş tələbələrə veriləcək sertifikatlar bütün dünyada qəbul edilir və gələcək məzunların karyera həyatında vacib rol oynayacaq.
Təlimlər iyulun 9-dək davam edəcək.