CƏMİYYƏT


Bakı Ali Neft Məktəbində yeni tədris ilinin başlanması münasibətilə təntənəli mərasim keçirilib

A+ A

Bakı, 15 sentyabr, AZƏRTAC

Bakı Ali Neft Məktəbində (BANM) 2016/2017-ci tədris ilinin başlanması münasibətilə təntənəli mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, BP şirkətinin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional prezidenti Qordon Birrell, SOCAR-ın vitse-prezidentləri və struktur rəhbərləri, Azərbaycanda fəaliyyət göstərən bir çox yerli və transmilli şirkətlərin rəhbərləri, eyni zamanda BANM-in professor-müəllim heyəti, tələbələr və onların valideynləri iştirak edib.

Tədbirdən əvvəl qonaqlar ulu öndər Heydər Əliyevin BANM-in foyesində qoyulmuş büstünü ziyarət edərək önünə gül dəstələri düzüblər.

BANM-in rektoru Elmar Qasımov 2016/2017-ci tədris ilində yüksək bal toplayaraq Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazanmış tələbələri və onların valideynlərini yeni tədris ili münasibətilə təbrik edib. Ali məktəbin qısa zamanda əldə etdiyi uğurları, görülən işlər və perspektivlər haqqında danışan rektor Elmar Qasımov bildirib ki, bu il ali məktəblərə I qrup üzrə keçirilən qəbulda BANM üzrə ümumi orta göstərici 667 bal olub. O, I qrup üzrə keçirilmiş test imtahanlarında 700 bal toplayan 2 tələbənin məhz bu ali təhsil müəssisəsinə daxil olduğunu qeyd edib. Rektor Elmar Qasımov Prezident İlham Əliyevin Bakı Ali Neft Məktəbinin yaradılması haqqında 29 noyabr 2011-ci il tarixli Fərmanına toxunaraq, ali məktəbin ölkə başçısının “Biz neft kapitalını insan kapitalına çevirməliyik” sözlərinin reallaşması istiqamətində bariz nümunə olduğunu qeyd edib. Rektor E.Qasımov ulu öndər Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli Fərmanı ilə təsis edilmiş “Neftçilər günü” münasibətilə bütün Azərbaycan neftçilərini ürəkdən təbrik edib və BANM-in tələbələrinin gələcəkdə yüksək ixtisaslı mütəxəssislər kimi bu sahəyə öz töhfələrini verəcəyinə əminliyini ifadə edib.

Elmar Qasımov bu il BANM-ə qəbul olan 17 tələbənin Prezident təqaüdçüsü adına layiq görüldüyünü diqqətə çatdırıb.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev ali məktəbin kollektivini, tələbələri və valideynləri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib. Rövnəq Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə yaradılan ali məktəbin qısa müddət ərzində infrastrukturunun, yüksək ixtisaslı kadr potensialının formalaşdırılması istiqamətində böyük işlər görüldüyünü və bunun nəticəsində yüksək nailiyyətlər əldə edildiyini bildirib. Rövnəq Abdullayev BANM-də 2016/2017-ci tədris ilində bu işlərin davam etdiriləcəyinə, ali məktəbin fəaliyyətinin daha da genişlənəcəyinə, bu yeni tədris ilində tələbələrin daha aktiv olacaqlarına inamını ifadə edib.

BP şirkətinin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional prezidenti Qordon Birrell Bakı Ali Neft Məktəbi ilə təmsil etdiyi şirkət arasında ikitərəfli əməkdaşlığın inkişafından məmnunluğunu bildirib. Qordon Birrell BANM-in yüksək səviyyəli gənc peşəkar kadrların hazırlanmasında rolunu yüksək qiymətləndirib, hər il bu ali məktəbin tələbələrinin BP-nin layihələrində uğurla iştirak edərək I yeri qazandıqlarını deyib. Bildirib ki, BANM BP-nin ən yaxın tərəfdaşı olan ali təhsil ocağıdır.

Bakı Ali Neft Məktəbinin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına 700 bal toplayaraq daxil olan tələbə Rəvan Nəzərəliyev ali məktəbin tələbəsi adını qazandığı üçün fəxr etdiyini və sevinc hissi keçirdiyini deyib. Bildirib ki, BANM-ə qəbul olmaq onun ən böyük arzusu olub. O, yüksək səviyyədə təhsil üçün BANM-də yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan IV kurs tələbəsi, BP-nin “Texno Fest” layihəsinin qalibi Elşən Mikayılov BANM-də tələbələrin həm təhsil alması, həm də sosial inkişafı üçün görülən işlərdən söz açıb və qazandığı uğurda BANM-in adının və professor-müəllim heyətinin əməyi olduğunu diqqətə çatdırıb. O, BANM-də tələbələr üçün yaradılan geniş imkanların sayəsində bu uğuru qazandığını deyib. Elşən Mikayılov SOCAR-ın rəhbərliyinə və BANM-in rəhbərliyi və professor-müəllim heyətinə təşəkkür edərək bu il qəbul olmuş tələbələrə burada yaradılan şəraitdən bəhrələnməyi arzu edib.

BANM-də təhsil alan IV kurs tələbəsi Rəşad Nəzərəliyevin və bu il 700 bal toplamış tələbə Rəvan Nəzərəliyevin və 685 bal toplamış Nurlan Nəzərəliyevin atası Rauf Nəzərəliyev valideynlər adından çıxış edərək böyük sevinc hissi keçirdiyini və övladlarının məhz bu ali məktəbin tələbəsi adını qazandıqları üçün qürur duyduğunu deyib. Azərbaycanda yüksək ixtisaslı mütəxəssis kadrların yetişdirilməsi üçün BANM-də hər cür şəraitin, tələbələr üçün bütün imkanların yaradıldığından məmnunluqla ifadə edən valideyn bu il qəbul olan bütün tələbələrə təhsildə uğurlar arzulayıb. O, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə təhsil sahəsində yaradılan şəraitə, həyata keçirilən uğurlu təhsil islahatlarına görə təşəkkürünü bildirib.

Tədbirin sonunda 2016/2017-ci tədris ilində Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazanmış tələbələrə tələbə vəsiqəsi və SOCAR tərəfindən hədiyyə olunan noutbuklar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.