ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbinin məzunu Almaniyanın ən nüfuzlu ali məktəbinin magistri olub
Bakı, 25 iyul, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin (BANM) kimya mühəndisliyi ixtisası üzrə məzunu Kamran Əliyev Almaniyanın Friedrich-Alexander Erlangen Nürnberq Universitetinə magistr səviyyəsinə qəbul olunub. Bu barədə AZƏRTAC-a BANM-dən məlumat verilib.
K.Əliyev 2012-ci ildə qəbul imtahanında 637 bal toplayaraq Bakı Ali Neft Məktəbinin kimya mühəndisliyi ixtisasına qəbul olunub. Bu il isə Almaniyanın ən nüfuzlu ali məktəblərindən birinin təqaüdlü magistri olmaq şansını qazanıb. Kamranın seçdiyi Friedrich-Alexander Erlangen Nürnberq Universiteti Almaniyanın kimya sahəsində ən güclü beş universitetindən biridir. “Avropanın ən nüfuzlu universitetlərinin birinə daxil olmaq üçün bir çox amillər vacibdir. İlk növbədə, yüksək keyfiyyətli, dünya standartlarına cavab verən təhsil almaq lazımdır. BANM-də dünya standartlarına cavab verən proqram üzərində aldığım təhsil Almaniya universitetinə qəbul olunmağımda əsas rol oynayıb. Bundan əlavə, transmilli şirkətlərdə qazandığım zəngin praktiki təcrübə, əldə etdiyim bilik və bacarıqlar bu universitetin qapılarını açmağıma kömək oldu. Bakı Ali Neft Məktəbindəki təhsil proqramı mənə XXI əsr tələbəsinə xas olan ən yaxşı keyfiyyətləri mənimsəməyə şans yaratdı”, - deyə K.Əliyev müəllimlərinə minnətdarlığını bildirib.