ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbinin tələbələri “Azərkimya” İstehsalat Birliyində təcrübəyə başlayıblar
Bakı, 3 iyul, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin (BANM) kimya mühəndisliyi” ixtisası üzrə II və III kurs tələbələri yay istehsalat təcrübəsi müddətində “Azərkimya” İstehsalat Birliyində təcrübə keçəcəklər. Bu məqsədlə BANM-in tələbələri rektor Elmar Qasımovun rəhbərlik etdiyi heyətlə birgə “Azərkimya” İstehsalat Birliyində olublar.
BANM –dən AZƏRTAC-a bildiriblər ki, görüşdə “Azərkimya” İstehsalat Birliyinin rəhbəri, Milli Məclisin deputatı Muxtar Babayev təcrübə müddətində tələbələr üçün istehsalatyönümlü proqram hazırlandığını nəzərə çatdırıb. Tələbələrin gələcəkdə peşəkar mühəndis kadrlar kimi yetişmələrində istehsalat təcrübəsinin böyük əhəmiyyəti qeyd edilib. M.Babayev “Azərkimya” İstehsalat Birliyinin yaranmasından, görülən işlərdən danışıb, tələbələrə uğurlar arzulayıb.
E.Qasımov istehsalat təcrübəsinin tələbələr üçün çox vacib olduğunu söyləyib, yaradılan şəraitə görə “Azərkimya” İstehsalat Birliyinin rəhbərliyinə təşəkkürünü bildirib. Bu imkanı tələbələrin gələcək karyerasında ilk addım kimi dəyərləndirən rektor əmək bazarında rəqabətin müasir dünyanın ən vacib məsələlərindən olduğunu vurğulayıb. O, tələbələrə bu imkandan yararlanmağı tövsiyə edib, uğurlar arzulayıb.
BANM-in 38 tələbəsi “Azərkimya” İstehsalat Birliyinin strukturlarında istehsalat təcrübəsində olacaq. Onlardan 18 nəfəri iki ay müddətində ödənişli əsaslarla təcrübə keçəcək. Həmin tələbələrlə müvəqqəti əmək müqaviləsi bağlanacaq və onlar maaşla təmin ediləcəklər.