ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbinin tələbələri Səngəçal terminalında
Bakı, 14 aprel, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin (BANM) kimya mühəndisliyi ixtisasının üçüncü kurs tələbələri Səngəçal terminalında olublar.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, tələbələrin Səngəçal terminalına səfəri bu ali məktəbin “BP-Azərbaycan” şirkəti ilə əməkdaşlığı çərçivəsində həyata keçirilib. Tələbələr terminalın strukturu, tutumu, buradakı müasir avadanlıq, qabaqcıl texnologiyalarla tanış olublar. Onlara terminaldakı mövcud iş şəraiti, texniki təhlükəsizlik, ətraf mühitin və sağlamlığın qorunması tədbirləri haqqında məlumat verilib.
Bildirilib, Bakıdan 55 kilometr cənubda yerləşən Səngəçal terminalı Azərbaycanın neft və qaz sənayesində xüsusi əhəmiyyətə malik obyektlərdəndir. Terminal Xəzər hövzəsində BP tərəfindən işlədilən bütün mövcud dəniz yataqlarından hasil olunan xam nefti və qazı qəbul etmək, texnoloji emaldan keçirmək, saxlamaq və ixrac üçün nəzərdə tutulub. Təxminən 550 hektarlıq ərazidə yerləşən Səngəçal terminalı dünyanın həm də ən böyük neft-qaz terminallarından biridir. Terminalın operatoru BP şirkətidir.
Səfərin sonunda BANM-in tələbələrinə müxtəlif məlumatlandırıcı materiallar təqdim olunub və onların sualları cavablandırılıb.
BANM-in BP şirkəti ilə əməkdaşlığı çərçivəsində bu ali məktəbin tələbələri “ATA (Amec-Tekfen-Azfen) yard” sahəsində də olublar.