ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbinin tələbələri bp şirkətinin “ATA yard” sahəsində olublar
Bakı, 27 may, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin (BANM) ikinci və üçüncü kurs tələbələri bp şirkətinin “ATA (Amec-Tekfen-Azfen) yard” sahəsində olublar.
BANM-dan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə bu ali məktəbin rektoru Elmar Qasımov təcrübənin məqsədinin tələbələri istehsalat sahələri ilə tanış etmək, onların təcrübi biliklərini artırmaq olduğunu söyləyib. Rektor rəhbərlik etdiyi ali məktəbin bir sıra beynəlxalq və yerli şirkətlərlə əlaqələrindən, BANM-in bp şirkəti ilə əməkdaşlığından danışıb. O, tələbələrin transmilli şirkətlərdə istehsalat təcrübəsi keçmələrinin onların gələcək fəaliyyətlərində böyük uğur qazanmalarına və təcrübəli mütəxəssis kimi yetişmələrinə kömək edəcəyini deyib. E.Qasımov tələbələrin bp ilə yanaşı, digər transmilli şirkətlərdə də təcrübə keçəcəklərini vurğulayıb.
Təcrübə zamanı layihə meneceri Rəhman Rəhmanov, layihə mühəndisləri Yaşar Məmmədov və Rüstəm Kərimov təqdimatla çıxış ediblər. Tələbələrə “Şahdəniz – 2” layihəsi və platformalar barədə geniş məlumat verilib.
Tələbələrə təhlükəsizlik qaydaları üzrə təlim keçilib və on altı tələbə mühəndislərin müşayiəti ilə platformaların hazırlandığı sahələrlə tanış olub.