ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbinin tələbələri fövqəladə hallar zamanı davranış bacarıqlarına yiyələnirlər
Bakı, 28 mart, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin (BANM) ilk məzunları neft və kimya texnologiyaları, avtomatika sahələrində biliklərlə yanaşı, fövqəladə hallar zamanı davranış bacarıqlarına da malik olacaqlar. Belə ki, tələbələr hər şənbə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi hospitalında bu bacarıqlara yiyələnirlər. Burada onlar xilasetmə işlərində iştirak edir, yaralılara ilk tibbi yardım göstərməyi, həmçinin fövqəladə hallar zamanı sanitar-gigiyena qaydalarına uyğun zəruri tədbirlərin görülməsini öyrənirlər.
Tələbələrin tibbi hazırlığı birinci semestrdəki yeni “Mülki müdafiə: tibbi yardım göstərməyin əsasları” fənni çərçivəsində mühazirələrin davamı olaraq təşkil edilib. Ötən il BANM-in neft-qaz mühəndisliyi və kimya mühəndisliyi ixtisasları üzrə təhsil alan beşinci kurs tələbələrinin cədvəlinə daxil olunan bu fənni ali məktəbin kimya mühəndisliyi kafedrasının professoru, Dövlət Sərhəd Xidməti hərbi hospitalının baş həkimi, professor Kənan Yusifzadə tədris edir.
Nəzəri məşğələlərdə tələbələr mülki müdafiənin əsaslarını, sülh və müharibə dövrlərində fövqəladə hallar, bu vəziyyətdə xilasetmə işlərinin aparılması prosedurlarını və davranış qaydalarını, hadisələrin tiplərini öyrəniblər.
Həmçinin tələbələr tibbi təcrübə zamanı tələbələr ürəyin qapalı masajı və süni tənəffüs, sarğı qoymaq, qan nümunələri götürmək, xəsarət alanlara ilkin diaqnoz qoymağı öyrənir, bundan əlavə onlar əməliyyat iş şəraiti və yoluxucu xəstəliklərin profilaktikası ilə tanış olurlar.
BANM-in rektoru Elmar Qasımov bildirib ki, neft və qazın kəşfiyyatı, hasilatı riskli olduğundan bu sahədə çalışan mütəxəssislərin fövqəladə vəziyyətdə nə etməli olduqlarını bilmələri vacibdir. O deyib: “Məhz bu səbəbdən biz bu yeni fənni məcburi fənn kimi ali məktəbin bütün yuxarı kurs tələbələrinə tədris etmək niyyətindəyik”.