ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbinin tələbəsi yarışmada birinci yerə layiq görülüb
Bakı, 10 noyabr, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi Orxan Əlixanov Təhsil Nazirliyinin və “Kaspersky Lab” beynəlxalq şirkətinin birgə keçirdiyi “Kaspersky Student's Challenge” yarışmasında respublika üzrə birinci yerə layiq görülüb.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, orta məktəbin yuxarı siniflərindən proqramlaşdırma sahəsində bəzi qrafik tətbiqlər hazırlamağı öyrənməyə başlayan Orxan Əlixanov qısa vaxtda bu istiqamətdə uğurlar qazanıb. Ali Neft Məktəbinə daxil olduqdan sonra ACM ICPC subregional turunda iştirak edən gənc 2015-ci ilin noyabrında bu yarışmadan III dərəcəli diplom alaraq regional tura vəsiqə qazanıb. Həmin ilin dekabrında isə o, Azərbaycanı BANM-in iki tələbəsi ilə birlikdə Gürcüstanda təmsil edib.
O.Əlixanov “Microsoft” şirkətinin ötən ilin iyulunda keçirdiyi “Imagine Cup” yarışmasının oyun kateqoriyasında komanda yoldaşı Əmiraslan Baxşılı ilə “World Is Out There” adlı oyun hazırlayaraq iştirak edib və respublika üzrə ikinci yerə layiq görülüb.
Qeyd edək ki, mənzil-qərargahı Moskvada yerləşən “Kaspersky Lab” kompüter viruslarından, spamdan, haker hücumlarından və bu kimi kibertəhlükələrdən müdafiə sisteminin işlənib hazırlanması üzrə ixtisaslaşmış beynəlxalq şirkətdir.