ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbinin tələbəsinin “Daxili dünyam” layihəsinə yekun vurulub
Bakı, 17 fevral, AZƏRTAC
Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən səkkizinci qrant müsabiqəsinin qaliblərindən biri, bu ali təhsil ocağının proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının üçüncü kurs tələbəsi Pakizə Paşayevanın “Daxili dünyam” layihəsinin yekununa həsr olunan tədbir təşkil edilib.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, layihə Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və BANM-in birgə təşkilatçılığı ilə həyata keçirilib.
Tədbirdə BANM-in rektoru Elmar Qasımov bu cür layihələrin gənclər üçün böyük imkanlar yaratdığını deyib. Vurğulanıb ki, BANM-in tələbələri belə layihələrin həyata keçirilməsi üçün təşəbbüslər irəli sürür və onu müstəqil icra edirlər. Gənclər Fondu isə onların ideyalarını, təkliflərini gerçəkləşdirmək üçün şərait yaradır. Bu gün ölkəmizdə gənclər ictimai həyatın bütün sahələrində fəallıqları ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Dövlətimizin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin əsas qüvvəsinə çevrilib.
Gənclər Fondunun sədri Fərhad Hacıyev diqqətə çatdırıb ki, rəhbərlik etdiyi qurum daim yaradıcı gənclərin ideyalarını layihə formatında maliyyələşdirərək həyata keçirməyə imkan verir. O deyib: “Bu ali təhsil ocağı ANM-in tələbələri Gənclər Fondunun həyata keçirdiyi layihələrdə fəal iştirak edir və qalib olurlar. Bu, bir daha sübut edir ki, BANM yüksək səviyyəli mütəxəssislər yetişdirir.
Layihə ilə bağlı fikirlərini bölüşən YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə gənclərin bilik və bacarıqlarının, potensiallarının üzə çıxarılmasından, onların cəmiyyətdə layiqli yer tutmalarından danışıb.
Müəllifi olduğu layihə haqqında məlumat verən Pakizə Paşayeva bildirib ki, layihə çərçivəsində film çəkilib və iştirakçıların daxili aləmi, fikir və düşüncələrini özündə əks etdirən kitab dərc olunub.
Sonda “Daxili dünyam” layihəsinin iştirakçılarına sertifikatlar təqdim edilib.