ELM VƏ TƏHSİL


Bakı Ali Neft Məktəbinin təqdimatları başa çatıb

Bakı, 16 may, AZƏRTAC

Bakı Ali Neft Məktəbi (BANM) haqqında abituriyentlərin məlumatlanmasını təmin etmək və onlarda mühəndislik sahəsinə marağı artırmaq, bu ali təhsil ocağında aparılan islahat və yeniliklərin ümumilikdə cəmiyyətə çatdırılması məqsədilə hər il aparılan ənənəvi təqdimatlar uğurla başa çatıb.

BANM-dən AZƏRTAC-a bildiriblər ki, aksiya çərçivəsində bu ali məktəbin tələbələrlə iş şöbəsinin rəisi Həbibə Sadıqlı orta məktəblərdə rəhbərlik və yuxarı sinif şagirdləri ilə mütəmadi görüşlər keçirib. O, şagirdlərə BANM-in yaranma tarixi, fəaliyyət istiqamətləri, yeni kampusu, illər üzrə ümumi statistik göstəriciləri, bu ali təhsil ocağının ixtisasları üzrə minimal keçid balları, əməkdaşlıq etdiyi xarici şirkətlər və ali təhsil müəssisələri, tədris proqramları, daxili intizam qaydaları, yerli və transmilli şirkətlərdə təşkil olunan təcrübələr, seminarlar və BANM-in fəaliyyətinin digər istiqamətləri haqqında geniş məlumat verib. Qeyd olunub ki, həmin şirkətlər BANM-də seminar və təlimlər təşkil edir. Şirkətlərin köməkliyi ilə BANM-in yeni kampusunda müasir laboratoriyalar yaradılıb.

Aksiya çərçivəsində orta məktəblərin məzunları olmuş və hazırda BANM-də təhsil alan tələbələr bu ali məktəbin tələbə həyatı, sosial-ictimai sahədə onların fəaliyyətləri və qazandıqları uğurların sirləri barədə danışıblar. Həmçinin tələbə təşkilatları və klubları haqqında məlumat verilib.

Qeyd edək ki, aksiya çərçivəsində Bakı, Sumqayıt, Xırdalan, Abşeron və Biləsuvar rayonlarında 50-dən çox məktəbdən üç mindən artıq şagird ilə görüşlər keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.