CƏMİYYƏT


Bakı Ali Neft Məktəbinin yaradılmasının beş ili tamam olur

A+ A

Bakı, 29 noyabr, AZƏRTAC

Noyabrın 29-da Bakı Ali Neft Məktəbinin (BANM) yaradılmasının beş ili tamam olur.

BANM-dən AZƏRTAC-a bildiriblər ki, bu ali təhsil ocağı Prezident İlham Əliyevin 2011-ci il 29 noyabr tarixli Fərmanı ilə SOCAR-ın strukturunda yaradılıb. Ali Məktəbin yaradılmasının əsas məqsəd ingilisdilli, müasir biliklərə yiyələnmiş, yüksək ixtisaslı və geniş dünyagörüşlü mütəxəssislərin hazırlanmasıdır.

2012/2013-cü tədris ilində BANM-in 11, 2013/2014-cü tədris ilində 15, 2014/2015-ci tədris ilində 16, 2015/2016-cı tədris ilində isə 17 tələbəsi Prezident təqaüdünə layiq görülüb. 2015/2016-cı tədris ilində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ali məktəblərə keçirdiyi qəbul imtahanında BANM üzrə ümumi minimal bal 659, ümumi orta bal isə 676 olub. Bu, respublika üzrə ən yüksək nəticədir. Birinci qrup üzrə keçirilmiş imtahanlarda 700 bal toplayan yeddi tələbədən üçü BANM-i seçib.

2016/2017-ci tədris ilində ali məktəblərə birinci ixtisas qrupu üzrə keçirilən qəbulda respublikada ən yüksək nəticə göstərən - 700 bal toplayan iki tələbə BANM-ə qəbul olunub. BANM-in tələbə qəbulu üzrə ümumi statistik göstəricilərinə görə, 2016/2017-ci tədris ilində ümumi orta bal 667, maksimal bal isə 700 olub. Yeni tədris ilində BANM-də 135 nəfər tələbə qəbulu planı olub. Bu tədris ilində də BANM-in 17 tələbəsi Prezident təqaüdünə layiq görülüb.

BANM Azərbaycanda ali təhsil müəssisələri içərisində İSO beynəlxalq standartlarının üç modulu üzrə sertifikata sahib olan yeganə ali təhsil ocağıdır. Bu ali məktəb ISO 9001 - keyfiyyət idarəetmə sistemi, ISO 14001- ekologiya idarəetmə sistemləri və OHSAS 18001- əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemləri üzrə beynəlxalq sertifikatlara layiq görülüb.

BANM-in beşillik fəaliyyəti dövründə qazandığı uğurlar, ödənişsiz təhsil, yüksək keyfiyyətli ingilisdilli mütəxəssislərin hazırlanmasında tətbiq olunan müasir proqramlar və mütərəqqi texnologiyalar, dünyanın bir sıra nüfuzlu ali məktəbləri və transmilli şirkətləri ilə əməkdaşlıq əlaqələrinin qurulması, mühəndis kadrların hazırlanmasında nəzəri biliklərin Azərbaycanda fəaliyyət göstərən transmilli və xarici şirkətlərdə təcrübənin təşkili və bu kimi digər amillər ali təhsil ocağına böyük uğur qazandırıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.