QAN YADDAŞI
Bakı Atatürk Liseyində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Bakı, 19 yanvar, AZƏRTAC
Yanvarın 19-da Türk Dünyası Araşdırmaları Vəqfinin Bakı Atatürk Liseyində Qanlı Yanvar faciəsinin 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şagirdlər qarşısında çıxış edən liseyin müdiri Musa Ediz bildirib ki, 1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı həyata keçirilən terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq.
Həmin vaxt xalqının səsinə hər kəsdən əvvəl səs verənin ulu öndər Heydər Əliyev olduğunu vurğulayan Musa Ediz deyib: “Azərbaycan xalqının Ümummilli Lideri Moskvada özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də Azərbaycanın Rusiya paytaxtındakı daimi nümayəndəliyinə gələrək, təcavüzə kəskin etirazını bildirdi. Ulu Öndər faciəni törədənləri, şəxsən M.Qorbaçovu kəskin ittiham edərək qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı, eyni zamanda, faciəyə elə imperiyanın mərkəzində verilən ilk siyasi qiymət idi”.
Sonra çıxış edən liseyin tarix müəllimi Müşfiq Əlizadə 27 il əvvəl sovet ordusu tərəfindən Bakıda həyata keçirilən qırğının səbəbləri və ağır nəticələri barədə ətraflı danışıb. 20 Yanvarı Azərbaycanın ən yaxın tarixində həm hüzn, həm də qürur günü kimi xarakterizə edən natiq bildirib ki, istiqlal, azadlıq amalı ilə küçələrə çıxan xalq imperiyanın nəhəng hərb maşını qarşısında mətanətlə sinə gərib və müstəqilliyinə qovuşub.
Sonda şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyaya göstərilib.