İQTİSADİYYAT
Bakı Beynəlxalq Avtovağzal Kompleksi bölgələrdən gələn avtobusların qəbuluna hazırdır VİDEO
Bakı, 31 yanvar (AZƏRTAC). Ötən gündən ölkə ərazisində havaların kəskin soyuması və qarın yağması Bakı Beynəlxalq Avtovağzal Kompleksinin işinə ciddi təsir etməmişdir.
Beynəlxalq Avtovağzal Kompleksindən AZƏRTAC-a bildirmişlər ki, ümumiyyətlə, son günlər ərzində sərnişin azlığı müşahidə olunur. Bölgələrdən və beynəlxalq istiqamətlərdən gələn avtobuslar əlverişsiz hava şəraitinə görə asta hərəkət edirlər. Yanvarın 31-də yola çıxan avtobusların günorta saatlarında avtovağzala çatması gözlənilir. Hələlik hansısa ciddi problemlə qarşılaşmamışıq. Hər bir marşrut avtobuslarla təmin olunmuşdur. Yola çıxmazdan əvvəl avtobuslar texniki baxışdan keçirilərək hazır vəziyyətə gətirilir.
Hava şəraiti ilə əlaqədar bütün nəqliyyat vasitələrinin sahiblərinə qabaqlayıcı tədbirlər görülməsinə dair göstəriş verilmişdir. Avtobusların salonunun qızdırılması, Avtovağzal Kompleksinin ərazisinə duz səpilməsi, avtobusların hərəkət cədvəlinə uyğun yola düşməsi, maşınların şəraitə uyğun tam hazır vəziyyətə gətirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verilmişdir. Yollardakı vəziyyətlə bağlı Baş Dövlət Yol Polisindən mütəmadi məlumatlar qəbul olunur. Bu məlumatlara əsasən, sürücülərə buz bağlayan yollar barədə xəbər ötürür və alternativ yollardan istifadə olunmasına dair göstəriş verilir.