MƏDƏNİYYƏT
Bakı Beynəlxalq Caz Festivalına həsr olunmuş rəsm sərgisi açılıb
Bakı, 22 oktyabr, AZƏRTAC
Oktyabrın 22-də Bakıda tanınmış rəssam Vüqar Əlinin rəsm əsərlərindən ibarət “Jazz Colors” adlı rəsm sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, “Landmark Rotunda”da açılan sərgi Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə Bakıda keçirilən ənənəvi Beynəlxalq Caz Festivalı çərçivəsində reallaşdırılıb.
Sərgidə fırça ustasının caz musiqisinə həsr edilmiş sənət əsərləri nümayiş olunur. Bu əsərlərin əksəriyyəti monumental üslublu rəngkarlıq janrındadır. Rəssamın Avropa və rus boyakarlığından ilhamlanaraq yaratdığı “Bass Monster”, “Clarinetist”, “Dexter”, “Drums solo”, “Ella”, “Jazz or Mugham”, “Piro”, “Sory, goodbye”, “Reincarnation” və digər əsərləri mücərrəd rəng çırpılma üslubu ilə sintez edilib.
Rəssamın sərginin ekspozisiyasında nümayiş olunan 26-dək əl işi paytaxt sakinləri və şəhərimizin əcnəbi qonaqları tərəfindən maraqla qarşılanıb.
Daha sonra tədbir Almaniyanın məşhur caz ifaçısı Vadim Abramov tərəfindən təqdim olunan musiqi nömrələrindən ibarət konsert proqramı ilə davam edib.