SİYASƏT


Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Müstəqillik Günü qeyd edilib

A+ A

Bakı, 18 oktyabr, AZƏRTAC

Oktyabrın 18-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan tədbir keçirilib.

BBMM-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəl Mərkəzin foyesində “İstiqlal-25” mövzusunda fotosərgiyə baxış keçirilib.

Tədbirdə çıxış edən BBMM-in icraçı direktoru Azad Məmmədov iştirakçıları Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə təbrik edib. İcraçı direktor 1991-ci ildə yaranan tarixi şərait nəticəsində Azərbaycan parlamentinin oktyabrın 18-də müstəqillik haqqında Konstitusiya Aktını qəbul etdiyini qeyd edərək deyib: “Həmin dövrdə ölkədə mürəkkəb proseslər cərəyan edirdi, Azərbaycan vətəndaş müharibəsi və müstəqilliyinin itirilməsi təhlükəsi ilə üz-üzə dayanmışdı. Azərbaycan xalqının təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmiz məhvolma təhlükəsindən qurtuldu, vətəndaş müharibəsinə yol verilmədi. Hazırda Ulu Öndərin siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə daha da möhkəmlənir, dövlətçiliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanılır və inkişaf etdirilir”.

A.Məmmədov, həmçinin BBMM-in fəaliyyəti haqqında məlumat verərək qurumun dünyada ölkəmizin tolerantlıq ənənələrinin və multikultural dəyərlərinin təbliği ilə məşğul olduğunu, müstəqil Azərbaycanın tərəqqisi, rifahı naminə həyata keçirilən layihələrdən söz açıb.

Azərbaycan Rus İcması sədrinin müavini Yuri Zenin Azərbaycan xalqını dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə təbrik edib, rus icmasının salamlarını və xoş arzularını çatdırıb. Yuri Zenin ötən 25 ildə ölkəmizin böyük inkişaf yolu keçdiyini qeyd edərək bildirib ki, Azərbaycanın bütün şəhər və rayonlarında məskunlaşan rus icmasının çoxkonfessiyalı cəmiyyətimizdə özünəməxsus yeri var: “Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşları, o cümlədən pravoslav xristianlar öz hüquq və azadlıqlarından lazımınca yararlanmaqla, ölkəmizdə gedən böyük quruculuq prosesində fəal vətəndaşlıq mövqeyi nümayiş etdirirlər”.

Şeyxülislam Allahşükür Paşazadənin salamlarını və təbriklərini iştirakçılara çatdıran Qafqaz Müsəlmanları İdarəsinin Mərkəzi Aparatının rəhbəri Simran Həsənov Azərbaycanın istiqlalında müsəlman icmasının rolundan danışıb. Simran Həsənov bildirib ki, dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə təşkil olunan rəsmi qəbulda Prezident İlham Əliyevin əhatəli çıxışında Azərbaycanın istiqlalının ictimai-siyasi palitrası, mərhələli qanunauyğunluqları, keçdiyi şərəfli yol öz əksini parlaq şəkildə tapıb.

Bakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev bayram münasibətilə bağlı təbriklərini bildirib, Azərbaycanda yəhudilərin və digər çoxsaylı xalqların nümayəndələrinin əsrlərdir bir yerdə əmin-amanlıq şəraitində yaşadığını yüksək qiymətləndirib.

Tədbirdə iştirak edən Azərbaycanda fəaliyyət göstərən etnik və dini icmaların rəhbərləri - Talış Mədəniyyət Mərkəzindən İmamverdi Həmidov, “Ronahi” Kürd Mədəniyyət Mərkəzindən Fəxrəddin Paşayev, Avar Azərbaycan İctimai Birliyindən Məhəmməd Nooyev, Azərbaycanda Yaşayan Axıska Türklərinin “Vətən” İctimai Birliyindən İbrahim Məmmədov, “Yaşlek” Azərbaycan-Tatar Gəncləri Mərkəzindən Diyaz Əhmədcanov, İngiloy İcmasından Sevinc Bulacova, Taras Şevçenko adına Azərbaycandakı Ukrayna İcmasından Aleksandr Zareçniy, Yevangelik Lüteranların Bakı Dini İcmasından Rita Paşayeva, Azərbaycan Respublikasında Katolik kilsənin Apostol Prefekturası dini qurumunun keşişi Vladimir Baxa, Bakı şəhər Bəhai dini icmasından Ramazan Əsgərli və Şəhla Əhmədova, “Azəri” Tat Mədəniyyət Mərkəzindən Elman Əhmədov çıxışlarında müstəqil Azərbaycanın bugünkü inkişaf yolunun Ulu Öndərin müəyyən etdiyi siyasi xəttin Prezident İlham Əliyev tərəfindən yüksək siyasi bacarıqla ardıcıl davam etdirilməsinin nəticəsi olduğunu vurğulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.